kobaxidze 3

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Baş nazir qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında elektrik enerjisinin tranziti və Qara dəniz sualtı kabeli layihəsi ilə bağlı məsələlər ekspertlər səviyyəsində müzakirə olunub.

Onun sözlərinə görə, Qara dəniz sualtı kabeli, həmçinin elektrik enerjisi və rəqəmsal bağlantını nəzərdə tutan layihə, birgə maraq doğuran layihələr siyahısına daxil edilib.

“Əlbəttə, hamı başa düşür ki, Gürcüstan olmadan belə bağlantılar yaradıla və möhkəmləndirilə bilməz”, – Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“Prinsipial olaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, xüsusilə bağlantılar baxımından strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi çox vacibdir. Biz bunun üçün çalışırıq və bundan sonra da çalışacağıq”, – Baş nazir qeyd edib.

Kobaxidze Azərbaycan və Türkiyə ilə münasibətlərdə müsbət dinamikanın olduğunu da bildirib.

“Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və, əlbəttə, bu istiqamətdə fəal şəkildə işləyəcəyəm”, – o əlavə edib.

Paylaş: