WhatsApp Image 2026 08 12 at 15.10.36

İçərişəhərin qala divarlarına turistlər tərəfindən müxtəlif yazıların yazılması sosial şəbəkələrdə narazılığa səbəb olub. Görüntülərin yayılmasından sonra məsələ ilə bağlı açıqlama verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirib ki, yazılar tarixi irsə fiziki zərər vurmayan, sonradan təmizlənə və rənglənə bilən səthdədir.

Qurum belə yazılara müəyyən çərçivədə “art wall” – xatirə və ifadə divarı kimi yanaşmağın mümkün olduğunu qeyd edib. Bununla yanaşı, qədim daşlara və tarixi memarlıq elementlərinə müdaxilənin yolverilməz olduğu vurğulanıb. Məsələ polis və digər aidiyyəti qurumların nəzarətinə götürülüb, yazıların olduğu fasad hissəsi isə təmizlənib.

Bəs İçərişəhərin qala divarlarına yazı yazmaq “xatirə”dir, yoxsa tarixi irsə hörmətsizlik?

Globalinfo.az-a danışan memar, şəhərsalma və memarlıq məsələləri üzrə ekspert Elçin Əliyev bildirib ki, Avropanın bir sıra tarixi şəhərlərində turistlərin müəyyən yerlərdə yazı yazmasına şərait yaradılır.

“Bir memar olaraq Avropada, xüsusilə İtaliya, Avstriya və Fransada çoxlu sayda tarixi şəhərlərdə olmuşam. Məsələn, sonuncu dəfə İtaliyanın tarixi şəhərlərindən biri olan Urbino şəhərində oldum. Orada da belə bir praktikanın tətbiq edildiyini gördüm.

Bir çox tarixi şəhərlərdə turistlərin müəyyən yerlərdə binaların divarlarına yazı yazmasına imkan yaradılır. Əlbəttə, söhbət tarixi memarlıq abidəsinin daşlarına və ya orijinal konstruksiya elementlərinə yazı yazılmasından getmir. Bunun üçün xüsusi olaraq ayrılmış, suvaqlanmış və rənglənmiş səthlər olur. Turistlər də öz yazılarını məhz həmin sahələrdə qeyd edirlər. Bu, eyni zamanda turistlər üçün müəyyən bir atraksiona çevrilir”.

2026 04 15 69df97fc5f3c7
Elçin Əliyev

E.Əliyev bildirib ki, Bakıda, xüsusilə İçərişəhərdə də belə sahələr mövcuddur:

“Bildiyim qədərilə, burada da bəzi yazılar birbaşa tarixi daşların və ya abidənin orijinal səthinin üzərinə deyil, əvvəlcədən suvaqlanmış və rənglənmiş sahələrə yazılır. Ona görə də əsas məsələ yazının haraya yazılmasıdır. Əgər yazı tarixi memarlıq abidəsinin özünə, daşına və orijinal memarlıq elementlərinə vurulmursa, xüsusi olaraq bunun üçün hazırlanmış suvaqlı və rənglənmiş səthdə yazılırsa, bu halda tarixi binaya və memarlıq abidəsinə faktiki olaraq zərər dəymir”.

Ekspert qeyd edib ki, İçərişəhərdə bu cür yazıların əksəriyyəti birbaşa memarlıq abidələrinin üzərində deyil, suvaqlanmış və rənglənmiş səthlərdədir:

“Bu baxımdan həmin praktikanı tarixi abidəyə zərər vurulması kimi qiymətləndirmək düzgün olmaz. Əsas şərt odur ki, tarixi binanın orijinal daşına, fasadına və digər qorunan memarlıq elementlərinə müdaxilə edilməsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: