dron

Almaniyada son illərdə hərbi obyektlərin üzərində bir neçə yüz şübhəli pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Bundesverin Operativ Komandanlığının adının açıqlanmasını istəməyən nümayəndəsi RedaktionsNetzwerk Deutschland (RND) media qrupuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, qeydə alınan halların əksəriyyəti ayrı-ayrı dronlarla bağlı olub. Lakin bəzi hallarda PUA sürüləri də müşahidə edilib.

“Almaniya demək olar ki, hər gün dezinformasiya, saxta xəbərlər, kiberhücumlar, casusluq və hətta sabotaj kimi hibrid təhdidlərlə üzləşir”, – deyə nümayəndə qeyd edib.

Lakin o, baş verənlərlə bağlı əlavə detalları açıqlamayıb.

Bundan əvvəl Almaniyanın Hannover hava limanında naməlum dronun səhər saatlarında müşahidə edildiyi və buna görə hava limanının fəaliyyətini dayandırdığı bildirilmişdi.

Avqustun 5-də isə Leypsiq hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanıb. “Bild”ın məlumatına görə, aşağı hündürlükdə uçan PUA Ukraynaya məxsus An-124 yük təyyarəsinin yaxınlığında müşahidə edilib. Hadisə ilə bağlı Almaniya Federal Baş Prokurorluğu araşdırma aparır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: