“Dolphin” tayfunu və onun fəsadları Asiyanın bir sıra ölkələrinə ciddi ziyan vurub. Filippində güclü daşqın nəticəsində azı 15 nəfər həyatını itirib.
Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, bir neçə gün davam edən güclü yağış nəhayət zəifləsə də, ölkənin bir çox yaşayış məntəqəsində sel sularının gətirdiyi tullantılar ciddi problemə çevrilib.
Xüsusilə milyonlarla insanın yaşadığı paytaxt Manila ağır vəziyyətlə üzləşib. Şəhərin bir çox küçə və yaşayış məhəllələrini 1 metrdən çox su basıb. Sular tədricən çəkildikcə fəlakətin miqyası daha aydın görünməyə başlayıb.
Sel suları yaşayış ərazilərindən, kanalizasiya kanallarından və tullantı poliqonlarından çox sayda plastik butulka, qablaşdırma materialları, taxta parçaları, mebel və müxtəlif məişət əşyalarını küçələrə daşıyıb.
Paranyaque şəhərində nəhəng zibil təbəqələri yaranıb. Tullantılar su yolunu bağlayaraq suyun axmasını çətinləşdirir.
Hökumət vəziyyəti artıq “zibil böhranı” kimi qiymətləndirib və genişmiqyaslı təmizlik işlərinin aparılması barədə göstəriş verib. Ağır texnika və qayıqlardan istifadə edən işçilər kanalın üzərində yığılan tullantı kütlələrini təmizləməyə çalışırlar.
Lakin meteoroloqların proqnozlarına görə, yaxın günlərdə yenidən yağış yağacağı gözlənilir.
Mütəxəssislər builki tayfun mövsümünün meteoroloji müşahidələrin başlanmasından bəri ən güclülərdən birinə çevrilə biləcəyini bildirirlər. Buna səbəb tropik siklonların formalaşmasının intensivləşməsidir.
Proqnozlara görə, tropik siklonlar Filippinlə yanaşı Çin, Yaponiya və Vyetnama da təsir göstərə bilər.

Aysel Əliyeva
Globalinfo.az