1698429662 190 manat1698432972

Azərbaycanda vergi borclarının məbləği ilin ilk yarısında 22 faizdən çox artıb. Nəticədə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcu 4 milyard manatı ötüb. Vergi borclarının artması ilə bağlı müxtəlif səbəblər göstərilsə də, əsas məsələ bu borcun hansı kateqoriyaya aid vergi ödəyicilərinin payına düşməsidir.

Bəs vergi borclarının əsas hissəsi dövlət şirkətlərinin, yoxsa özəl sektorun üzərinə düşür? Özəl şirkətlər üzrə borcların artması onların gəlirlərinin və dövriyyəsinin azalması ilə bağlıdır, yoxsa burada başqa amillər də rol oynayır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, vergi borclarının 22 faizdən çox artaraq 4 milyard manatı keçməsi, əlbəttə, diqqət tələb edən göstəricidir:

“Amma bunu avtomatik olaraq bizneslərin gəlirlərinin 22 faiz pisləşməsi kimi qiymətləndirmək olmaz. Burada ilk növbədə həmin 4 milyard manatın strukturunu bilməliyik: borcun nə qədəri dövlət müəssisələrinin, nə qədəri özəl sektorun, nə qədəri isə fəaliyyəti zəifləmiş və ya əvvəlki illərdən borcu qalan müəssisələrin payına düşür. Əgər artım əsasən aktiv özəl müəssisələrdə baş veribsə, bu artıq bizneslərin likvidliyi baxımından müəyyən xəbərdarlıq siqnalıdır. Çünki şirkətin dövriyyəsi ola bilər, amma debitor borcları və xərcləri artdığı üçün vergini vaxtında ödəməyə sərbəst pul vəsaiti çatmaya bilər”.

eyyub kerimli 900x614 1
Eyyub Kərimli

İqtisadçı bildirib ki, 2026-cı ilin ilk yarısında iqtisadi artım cəmi 0,8 faiz olub:

“Bu da iqtisadi aktivliyin kifayət qədər zəif olduğunu göstərir. Ona görə hesab edirəm ki, burada əsas məsələ 4 milyard manatlıq ümumi rəqəmdən daha çox onun strukturudur. Əgər borcun böyük hissəsi bir neçə iri müəssisədə cəmləşibsə, bu bir problemdir, əgər minlərlə kiçik və orta sahibkarlıq subyektində vergi borcları paralel şəkildə artırsa, bu artıq biznes sektorunda likvidlik və ödəmə qabiliyyəti ilə bağlı daha sistemli problemin göstəricisi ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: