Hər həftə Bakıdan Kürdəmirə gedib-gələn biri kimi sualım var: ADY qiymətləri hansı məntiqlə müəyyənləşdirib?
Mən uzun müddətdir bu yolu gedirəm. Avtobusla da getmişəm, taksi ilə də. Avtobusun bileti 7 manat 20 qəpikdir. Lökbatan dairəsindən taksilər isə sərnişini 5-8 manata Kürdəmirə aparır. Yolüstü Hacıqabulun Muğan kəndində 10-15 dəqiqə fasilə də verirlər. Buna baxmayaraq, maksimum iki saat 30 dəqiqəyə mənzil başına çatırsan.
Böyük təmtəraqla elan edildi ki, sürət qatarı artıq Kürdəmirdə də dayanacaq. Düzünü desəm, sevinmişdim. Düşündüm ki, nəhayət, həm rahat, həm sürətli, həm də münasib qiymətə bir alternativ olacaq. Amma olmadı…
Bu qatardan cəmi bir dəfə ödənişli istifadə etmişəm. Çünki qiyməti məni qane etmədi. Məni qane etməyən qiymət, görəsən, aylıq maaşını güclə çatdıran müəllimi, fəhləni, tələbəni, pensiyaçını necə qane edə bilər?
İlk gün dedilər ki, bilet 11 manat 40 qəpikdən başlayır. Maraqlıdır, o qiymətə bilet görən olub? Mən aprel ayından bu günə qədər bir dəfə də olsun 11 manat 40 qəpiklik bilet tapa bilməmişəm. Qarşıma çıxan qiymətlər 12 manat 60 qəpik, 16 manat, 19 manat, 36 manat olub, 76 manat, 100 və hətta elə gün olub ki, satışda yalnız 135 manatlıq birinci sinif qalıb.
İki saatlıq yol üçün 135 manatlıq birinci sinif kimə lazımdır?
Ən qəribəsi isə odur ki, adı “sürət qatarı” olsa da, sürətdə ciddi fərq yoxdur. Taksi də, avtobus da demək olar ki, eyni vaxta çatdırır. Onda vətəndaş niyə iki, üç dəfə, bəzən daha artıq pul ödəməlidir?
ADY bu qiymətləri hansı meyarlarla müəyyən edib? Məsafəyə görə? Tələbata görə? Yoxsa vətəndaşın cibini düşünmədən?
Bu gün bahalaşmadan hamı şikayət edir. Belə bir vaxtda dövlət şirkətinin vətəndaşa əlçatan xidmət təqdim etməsi gözlənilir. Təəssüf ki, Kürdəmir istiqamətində bunun əksini görürük.
Yaxşı olar ki, ADY bu qiymət siyasətinə yenidən baxsın. Çünki sürət qatarının məqsədi insanların yolunu asanlaşdırmaq olmalıdır, onları qatar uzaqlaşdırmaq yox.
Sürət qatarının qiyməti də, xidməti də vətəndaşın gözləntisinə uyğun təşkil edilməlidir.
ADY bu biabırçı qiymət siyasətinə son qoymalı, Kürdəmir istiqamətində tətbiq olunan tariflərə yenidən baxmalı və cəmiyyətə izah etməlidir ki, bu qiymətlər hansı məntiqlə müəyyənləşdirilib.
Zaira Akifqızı
Globalinfo.az