“İranda legitim şəxs olan, xalq tərəfindən seçilən Prezident Məsud Pezeşkian, bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, ölkəsinin əsas problemi ABŞ-ın yenidən hücum etməsindən çox, iqtisadi-sosial məsələlərdir. O, çox haqlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O, İran iqtisadiyyatının son illərdəki vəziyyətini analiz edib:
“2018-ci ildən bəri İran milli valyutası 50 dəfə dəyərdən düşüb, ərzaq qiymətləri 34 dəfə bahalaşıb. Adambaşına düşən ÜDM 12% azalıb, 16 mln. insan yoxsulluq səviyyəsində yaşayır, son 1 ildə tək zavod və fabriklərdə 630 min iş yeri bağlanıb, son illərdə isə işsizlik səviyyəsi 15%-i keçib.
İran dünyada ən böyük inkişaf potensialı olan ölkələrdən biridir, resursları boldur, ən böyük üstünlüyü isə gənc, savadlı, işgüzar, bacarıqlı, İQ səviyyəsi yüksək olan toplumdur. Normal idarəetmə sistemi qurulsa, İran dünyaya açılıb investisiyalar cəlb edə, texnoloji transformasiyaya gedə bilsə, yaxın 10-15 ildə dünyanən ən zəngin ölkələrindən birinə çevrilə bilər”.
Əliyar Xəlil
Globalinfo.az