vKFCA8NAQrDP73a4F9Bw9fEDmQgdvT9dHd7nG4IY 1200 1

Kolumbiya hökuməti ölkənin qərbində baş verən 7,4 bal gücündə dağıdıcı zəlzələ ilə əlaqədar milli miqyasda fövqəladə vəziyyət elan edib.

Globalinfo.az xəbər verir ki, müvafiq qərarı ölkə prezidenti Abelardo de la Espriella qəbul edib.

Təbii Fəlakətlərin Risklərinin İdarə Edilməsi üzrə Milli İdarənin (UNGRD) məlumatına görə, qərar prezident və hökumət üzvlərinin iştirakı ilə keçirilən təcili iclasın yekununda yekdilliklə dəstəklənib.

Hökumətin son məlumatlarına əsasən, güclü yeraltı təkanlar nəticəsində ən azı 80 nəfər ölüb. Ölkənin müxtəlif bölgələrində yüzlərlə insanın yaralandığı və ya itkin düşdüyü bildirilir.

Xilasetmə və axtarış işləri davam etdirilir.

***20:18

Kolumbiyanın qərbində səhər saatlarında baş verən 7,4 bal gücündə güclü zəlzələ nəticəsində azı 20 nəfər ölüb, bir sıra binalar dağılıb və insanlar dağıntılar altında qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Zəlzələnin episentri Sakit okean sahilində yerləşən, əhalisinin sıxlığı az olan Çoko əyalətinin San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınıb. Yeraltı təkanlar təxminən 96 kilometr dərinlikdə baş verib.

Ölkənin əsas şəhərlərindən biri olan Pereyrada 18 nəfərin öldüyü bildirilir. Şəhər meri Maurisio Salazarın sözlərinə görə, bəzi insanlar dağıntılar altında qalıb və onların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Manisales şəhərinin meri Xorxe Eduardo Roxas isə iki nəfərin öldüyünü açıqlayıb.

Kolumbiyanın ən böyük şəhərlərindən biri olan Kalidə də zəlzələnin ciddi fəsadlara səbəb olduğu bildirilir. Şəhər meri Alejandro Ederin sözlərinə görə, ilkin məlumatlara əsasən, azı 20 tikili dağılıb və bəzi insanların dağıntılar altında qaldığı ehtimal olunur. Xilasetmə işlərinə kömək məqsədilə Boqota və Medellindən xüsusi fəlakət qruplarının göndərilməsi xahiş edilib.

Çoko əyalətinin qubernatoru Nubia Karolina Kordoba isə əyalətin paytaxtı Kivdoda xəsarət alanların olduğunu və ciddi dağıntıların qeydə alındığını bildirib. O, sakinləri mümkün afterşoklarla bağlı diqqətli olmağa çağırıb.

Zəlzələdən sonra Pereyra, Manisales, Kivdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərində hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Mütəxəssislər hava limanlarının uçuşlar üçün təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək məqsədilə tikililərdə yoxlamalar aparırlar.

Xilasetmə və fövqəladə hallar xidmətləri dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir. Hadisənin tam miqyası və zərərçəkənlərin sayı ilə bağlı məlumatların dəqiqləşdirilməsi gözlənilir.

Qeyd edək ki, zəlzələ qonşu Venesuelada da hiss olunub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: