Tanınmış rusiyalı vəkil Elman Paşayevin keçmiş köməkçisi Elgün Mamedov Rusiyada və Belarusda bir sıra daşınmaz əmlakın qanunsuz ələ keçirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Mamedov və tanışı Aleksandr Makedonski “saxta sənədlərdən istifadə etməklə mənzillərin qanunsuz satışını” təşkil edən qrup yaradıb:
“İstintaqın versiyasına əsasən, şübhəlilər sahibləri vəfat edən və ya uzun müddət mənzillərinə gəlməyən şəxslərə məxsus əmlakları müəyyənləşdirib, sənədləri saxtalaşdıraraq həmin mənzilləri satışa çıxarıblar. Qrupun Moskvada azı yeddi mənzili satmağa nail olduğu bildirilir. Daha bir neçə əmlakla bağlı planlaşdırılan sövdələşmələr isə baş tutmayıb”.
Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qrupun bir sıra üzvləri Rusiyada, digərləri isə Belarusda saxlanılıb.
İlkin hesablamalara görə, cinayətkar qrupun fəaliyyətindən dəyən zərərin məbləği təxminən 130 milyon rubl təşkil edir.
Tahir Turan
Globalinfo.az