Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi, Salyan şosesi adlanan ərazidə yolsuzluq problemindən şikayət ediblər.

Globalinfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən yol uzun illərdir baxımsız və bərbad vəziyyətdədir. Ərazidə quraşdırılan zibil qutuları və tullantıların vaxtında yığılmaması isə xüsusilə yay aylarında vətəndaşlar üçün əlavə çətinliklər yaradır.

Sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb.

“Biz dəfələrlə yol və zibil məsələsi ilə bağlı müraciət etmişik, amma baxan yoxdur. Xahiş edirik ki, imkan daxilində bizə köməklik göstərilsin. Zibil yeşikləri buradan götürülsün, hər küçəyə bir zibil qutusu qoyulsun. Ya da yolun kənarında yerləşdirilsin. Ümumiyyətlə, yol asfaltlansın. Bu yol 60-cı illərdə çəkilib”, – sakinlərdən biri deyib.

Digər sakin isə yolun vəziyyətinin xüsusilə yaşlı insanlar üçün ciddi çətinlik yaratdığını bildirib:

“Yaşlı qadınam. İstəyirik ki, bu yollar yaxşı olsun, təmir edilsin. Yeriyə bilmirəm, yıxılıram. Bu küçəyə baxan yoxdur”.

Paylaş: