Almaniya Kansleri Fridrix Merzin istefası ilə bağlı sosial şəbəkələrdə saxta video yayılıb.
Globalinfo.az “Bild” nəşrinə istinadla xəbər verir ki, alman dilində hazırlanan və üzərində “Deutsche Welle” loqosu olan videonun başlığında “XDİ-nin daxili sənədləri: Merz avqustun 10-da istefa verir” yazılıb.
Videoda “Handelsblatt” qəzetinin kanslerin istefası ilə bağlı XDİ-nin (Xristian Demokrat İttifaqı) federal rəhbərliyinə aid yazışmalara malik olduğu iddia edilir, lakin qəzet bu məlumatı təkzib edib.
Almaniya Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi “Handelsblatt”a bildirib ki, kampaniyanın məqsədi Fridrix Merzin hökumət başçısı kimi siyasi mövqeyini zəiflətməkdir.
Almaniyanın təhlükəsizlik qurumları hesab edir ki, kampaniyanın arxasında Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğu bildirilən “Storm-1516” adlı dezinformasiya şəbəkəsi dayana bilər. Qurumdan bildirilib ki, informasiya manipulyasiyası demokratiya üçün yalnız mücərrəd təhlükə deyil, eyni zamanda aparıcı siyasi fiqurlara qarşı məqsədli şəkildə istifadə olunur. Almaniya xüsusi xidmət orqanları bu tendensiyanın sentyabrda ölkədə keçiriləcək regional və yerli seçkilər kontekstində qiymətləndirilməli olduğunu vurğulayıb.
Bundan başqa, seçkilər ərəfəsində yerli və regional siyasətçiləri gözdən salmaq məqsədi daşıyan saxta videoların hazırlanması ilə bağlı xəbərdarlıq edilib. Bu videolarda siyasətçilər seksual zorakılıq, korrupsiya, nepotizm, asılılıq problemləri və antisemitizmdə ittiham olunur.
Məlumata görə, bu məzmun Almaniyadakı seçicilərə yönəlsə də, videolar əsasən ingilis dilində hazırlanır. Təhlükəsizlik qurumları hesab edir ki, bunun səbəbi məlumatların ABŞ və ABŞ Prezidenti Donald Trampın tərəfdarları üzərindən yayılmasıdır.
Aysel Əliyeva
Globalinfo.az