343044

Son zamanlar küçə ticarəti ilə bağlı narazılıqlar artıb. Xüsusilə kənd təsərrüfatı məhsullarını şəhərin insanların sıx hərəkət etdiyi ərazilərində satan şəxslərin piyada və nəqliyyatın hərəkətinə mane olması müxtəlif şikayətlərə səbəb olur. Digər tərəfdən, bu şəxslərin əksəriyyəti üçün küçə ticarəti ailə gəlirinin əsas mənbələrindən biridir.

Bu baxımdan, həm şəhər mühitində nizam-intizamın qorunması, həm də küçə ticarəti ilə məşğul olan insanların dolanışıq imkanlarının təmin edilməsi üçün hansı şərait yaradılmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu, Azərbaycanda, xüsusilə də Bakı şəhərində illərdir, hətta onilliklərdir yaşadığımız aktual məsələlərdən biridir:

“Hesab edirəm ki, küçə ticarətinin mütləq şəkildə bəlli və aydın qaydaları olmalıdır. Bu gün ən azı Bakı şəhərində küçə ticarətinin vahid və aydın qaydalar əsasında təşkil edildiyini görmürük. Bəzi küçələrdə küçə ticarətinə icazə verilir, bəzilərində isə buna imkan yaradılmır. Halbuki bu sahə ilə bağlı çox aydın qaydalar müəyyənləşdirilməlidir. Həm vətəndaşların və piyadaların hüquqları qorunmalı, həm də kiçik və mikro sahibkarlığın inkişafı üçün küçə ticarəti sivil qaydada təşkil edilməlidir. Vətəndaş bilməlidir ki, harada küçə ticarəti ilə məşğul ola bilər, bunu necə həyata keçirə bilər və hansı qaydalara riayət etməlidir. Əgər müəyyən edilmiş qaydalara uyğun şəkildə fəaliyyət göstərirsə, satış həyata keçirərkən heç kimin əsassız şəkildə onun fəaliyyətinə mane olmaması təmin edilməlidir. Küçə ticarəti üçün konkret yerlər müəyyənləşdirilməli və həmin ərazilər rəsmi şəkildə elan olunmalıdır”.

natiq ceferli real 1
Natiq Cəfərli

İqtisadçı bildirib ki, dünyanın müxtəlif ölkələrində küçə ticarəti mövcuddur və bu fəaliyyət müəyyən qaydalar çərçivəsində təşkil edilir:

“Bir çox böyük şəhərlərdə küçə ticarətinin təşkili və nəzarəti bələdiyyələr vasitəsilə həyata keçirilir. Azərbaycanda isə belə bir böyük şəhər bələdiyyəsi yoxdur və Bakı şəhərində küçə ticarətini vahid mərkəzdən idarə edən aydın sistem də formalaşmayıb. Bu baxımdan, Bakı şəhərində küçə ticarətinə kimin icazə verdiyi, hansı əsaslarla icazə verildiyi, bunun rəsmi icazə olub-olmadığı, kimlərin bu fəaliyyətə müdaxilə etmək hüququnun olduğu və hansı qurumların buna səlahiyyətinin çatdığı ilə bağlı aydınlıq yoxdur. Bu problem artıq uzun illərdir davam edir. Ona görə də hesab edirəm ki, küçə ticarəti ilə bağlı, məsələn, on bənddən ibarət konkret və aydın qaydalar hazırlanmalı, ictimaiyyətə açıqlanmalı və geniş şəkildə yayımlanmalıdır”.

N.Cəfərlinin fikrincə, vətəndaş bilməlidir ki, harada, necə və hansı şərtlər daxilində küçə ticarəti ilə məşğul ola bilər:

“Bu qaydalar müəyyənləşdirildikdən sonra küçə ticarətinin təşkili də məhz həmin çərçivədə həyata keçirilməlidir. Çünki küçə ticarəti dünyanın bir çox yerində mövcuddur və düzgün təşkil edildiyi halda həm yeni iş yerlərinin yaranmasına, həm kiçik və mikro sahibkarlığın inkişafına, həm də insanların öz gəlirlərini təmin etməsinə mühüm töhfə verə biləcək bir vasitədir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: