Almaniyanın ixracının həcmi iyun ayında rekord həddə çataraq ilk dəfə 139 milyard avronu ötüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
“Almaniya malları üçün əsas bazar yenə də ABŞ olaraq qalır: 12,1 milyard avro dəyərində məhsul göndərilib. Lakin bu göstərici may ayı ilə müqayisədə 14,2% azdır.
Çinə ixrac 0,3% azalaraq 6,2 milyard avroya düşüb. Eyni zamanda, Almaniyanın Avropa İttifaqı ölkələrinə ixracı 1,3% artaraq 79,3 milyard avroya çatıb.
Bununla yanaşı, Almaniyada sənaye istehsalı iyun ayında 0,2% artıb. Əsas artımı avtomobil sənayesi təmin edib – istehsal 3,6% yüksəlib. Təyyarə, gəmi, qatar və hərbi texnika istehsalında isə artım 8,4% təşkil edib. Sənaye üzrə sifarişlər statistikanın aparılmağa başlandığı 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb”, – deyə bildirilib.
Analitiklər rekord ixrac göstəricisini mürəkkəb geosiyasi vəziyyət fonunda, xüsusilə İran müharibəsi və Hörmüz boğazının blokadası səbəbindən yaranmış gərgin şəraitdə müsbət siqnal kimi qiymətləndiriblər.
Bununla belə, ekspertlər Almaniya məhsullarının ABŞ və Çinə tədarükünün azalmasına diqqət çəkirlər. Onların fikrincə, bu tendensiya Almaniyanın beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsinə işarə edə bilər.
Qeyd edək ki, daha əvvəl Almaniyada “Porsche” və “BMW” üçün ehtiyat hissələri tədarük edən şirkət müflis olub.
Əliyar Xəlil
Globalinfo.az