Kolumbiyanın narkotik kartelləri və silahlı qrupları Ukraynadakı müharibədə istifadə olunan dron texnologiyalarına maraq göstərir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, bəzi kolumbiyalı keçmiş hərbçilər və üsyançılar Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edərək dronların idarə olunması üzrə təcrübə qazanırlar. Məlumata əsasən, əldə edilən biliklərin gələcəkdə Kolumbiyada hökumət qüvvələrinə qarşı istifadə olunması ehtimalı narahatlıq doğurur.
Kolumbiyanın istefa vermiş müdafiə naziri Pedro Sançes də dron bazarının sürətlə inkişaf etdiyini və cinayətkar qrupların bu texnologiyanı hücum məqsədlərinə uyğunlaşdırmağa çalışdıqlarını təsdiqləyib.
Rəsmi məlumatlara görə, 2024–2025-ci illərdə qanunsuz silahlı dəstələr partlayıcı qurğularla təchiz edilmiş ucuz dronlardan istifadə etməklə 264 hücum həyata keçirib. Kolumbiya ordusu bu hücumların böyük hissəsinin qarşısını alsa da, təhlükəsizlik qurumları yaraqlıların döyüş dronlarından istifadəsini daha da genişləndirmək cəhdlərini yaxından izləyir.
“Financial Times” qeyd edir ki, silahlı qruplar Ukrayna müharibəsində tətbiq olunan taktika və texnologiyaları öyrənərək onları öz fəaliyyətlərində tətbiq etməyə çalışırlar.
Tahir Turan