tramp 41 900x506 1

ABŞ Prezidenti Donald Tramp ictimai rəy sorğularında reytinqinin indiyədək ən yüksək səviyyədə olduğunu bildirib.

“Bunun belə olmasına təəccüblənməyə dəyməz. Çünki ABŞ tarixində ən böyük vergi endirimlərini həyata keçirmişik, rekord məşğulluq göstəricilərinə nail olmuşuq, ölkəyə dünya tarixində ən böyük xarici investisiyalar cəlb edilib, sərhədlər tam qorunur, Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib”, – Tramp qeyd edib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, əslində, İran məsələsi Trampın reytinqinə mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər:

“Çünki İran müqavimətini davam etdirir və tərəflər arasında yekun razılaşma, yaxud İranın kapitulyasiyası baş verməyib. Hesab edirəm ki, Trampın reytinqi əvvəlki qədər yüksək deyil. Müharibələrin Amerika iqtisadiyyatına müəyyən mənfi təsirləri olub, xüsusilə enerji daşıyıcılarının qiymətlərində artım müşahidə edilib. Bundan əlavə, Trampın tez-tez dəyişən mövqeyi və ziddiyyətli açıqlamaları Amerika seçicilərinin bir hissəsində məyusluq yaradır.

Çıxışlarında əsasən öz liderliyini ön plana çıxarır, ABŞ-ın gücləndiyini və dünyanın Amerika ilə hesablaşdığını vurğulayır. Şübhəsiz ki, ABŞ qlobal güc olaraq mövqeyini qoruyur və müxtəlif regionlarda fəal siyasət yürüdür. Lakin bu amillər avtomatik olaraq Trampın siyasi imicinin gücləndiyi anlamına gəlmir”.

Politoloq deyib ki, Amerika cəmiyyətində daha çox sülh, iqtisadi inkişaf və rifah ön plandadır:

“Bu baxımdan hesab edirəm ki, Tramp hələlik bu gözləntiləri tam şəkildə doğrulda bilməyib. Əgər yaxın gələcəkdə seçkilər keçirilsəydi, fikrimcə, Trampın qələbə qazanması asan olmazdı. Payızda keçiriləcək Konqres seçkiləri də Respublikaçılar Partiyası üçün mühüm sınaq olacaq. Trampın hazırkı siyasəti bəzi dairələrdə partiyanın nəticələrinə mənfi təsir göstərə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: