Son günlər “12 avqust 2026-cı ildə Yer kürəsinin 7 saniyə ərzində qravitasiyasını itirəcəyi” iddiası sosial şəbəkələrdə geniş yayılıb. Halbuki, NASA bu məlumatın tamamilə əsassız olduğunu açıqlayıb. İddialara görə, söz-söhbət guya sızdırıldığı deyilən “Project Anchor” adlı məxfi NASA sənədinə əsaslanır. Sosial mediada sürətlə tirajlanan bu cür xəbərlər cəmiyyətdə çaşqınlıq və narahatlıq yaradır.
Bəs əslində 12 avqust 2026-cı ildə nə baş verəcək?
Globalinfo.az-a danışan Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, professor Nəriman İsmayılov deyib ki, bu, sadəcə bir oyundur və həqiqəti əks etdirmir:
“Burada çoxşaxəli, məqsədli provokasiya xarakterli işlər görürlər və bunu müəyyən tərəflər həyata keçirir. Nəzərinizə çatdırım ki, avqustun 12-də tam Günəş tutulması baş verəcək. Bu, məlum və müəyyən dövrlərdən bir təkrarlanan astronomik hadisədir. İl ərzində Yer kürəsinin müxtəlif ərazilərində Günəş tutulmalarını müşahidə etmək mümkündür. Ay Günəşlə Yerin arasından keçərkən onun kölgəsi planetimizin səthinin müəyyən hissəsinə düşür və həmin ərazi qaranlığa qərq olur. Nəticədə bunu Günəş tutulması kimi müşahidə edirik. İndi bəzi şəxslər hansı məqsədlə etdikləri bəlli olmayan şəkildə bu hadisədən istifadə edərək yalan xəbərlər yayırlar ki, guya Günəş tutulması zamanı qravitasiya yox ola bilər.
Əvvəla, onu deyim ki, Yer kürəsinin kütləsi mövcud olduğu müddətdə onun qravitasiyasının yox olması mümkün deyil. Qravitasiya kütlə ilə bağlı fiziki hadisədir. Onu işığı yandırıb-söndürdüyümüz kimi söndürmək mümkün deyil. Kütlə varsa, onun qravitasiyası da var, kütlə yoxdursa, qravitasiya da yoxdur”.
N.İsmayılov qeyd edib ki, Yerin kütləsi var və məhz qravitasiya nəticəsində Yer atmosferi planetimizin səthinə cəzb olunur:
“Biz də Yerin səthində qravitasiya qüvvəsinin təsiri altında yaşayırıq. Əlbəttə, qravitasiya olmasaydı, çox ciddi fəlakət baş verərdi. Amma Günəş tutulması zamanı qravitasiyanın yox olması kimi bir şey mümkün deyil. Ona görə də bu xəbərə inanmaq və ona hər hansı əhəmiyyət vermək lazım deyil. Heç bir qorxulu hadisə baş verməyəcək. Sadəcə, Ay Günəşin qarşısından keçərək onun işığını müəyyən ərazilərdə qismən və ya tam şəkildə örtəcək”.
Nəriman İsmayılovun sözlərinə görə, tam Günəş tutulması bizim regiondan görünməyəcək:
“Tutulmanın tam fazasının müşahidə ediləcəyi əsas ərazilərdən biri Şimal Buzlu Okeanından İspaniyaya doğru uzanan zolaqdır. Buna görə də biz bu astronomik hadisəni tam şəkildə müşahidə edə bilməyəcəyik. Belə hadisələr zamanı isə astronomlar və digər elm adamları tam tutulmanın daha yaxşı müşahidə olunduğu ölkələrə toplaşırlar. Bunun da əsas elmi səbəbi var. Tam Günəş tutulması zamanı Günəşin ətrafını, xüsusilə Günəş tacını daha yaxşı tədqiq etmək mümkündür. Günəşin özü həddindən artıq parlaq olduğuna görə normal şəraitdə onun tacını müşahidə etmək olduqca çətindir. Tam tutulma zamanı isə Ay Günəşin parlaq diskini örtdüyündən Günəş tacı aydın şəkildə görünür. Bu da Günəş tacının strukturu və digər xüsusiyyətlərinin öyrənilməsi baxımından alimlər üçün böyük elmi əhəmiyyət daşıyır. Məhz buna görə də bir çox alimlər artıq İspaniyaya və tutulmanın müşahidə olunacağı digər ərazilərə səfər etməyə hazırlaşırlar. Avqustun 12-də orada müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə geniş müşahidələr və elmi tədqiqatlar aparılacaq”.
Zaira Akifqızı
Globalinfo.az