67NJYIFI4FIQPKCD37UFKN667I 1

İran ABŞ ilə hər hansı danışıqların aparıldığını və yaxın günlərdə görüşlərin planlaşdırıldığını təkzib edib. Bu, ABŞ Prezidenti Donald Trampın gözlənilən danışıqları əsas gətirərək İrana qarşı mümkün hücumlardan imtina etməsi ilə bağlı açıqlamaları ilə ziddiyyət təşkil edir.

Globalinfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkəsinin ABŞ ilə heç bir danışıqlar aparmadığını və heç bir görüşün nəzərdə tutulmadığını bildirib.

Bəqainin sözlərinə görə, İranın yaxın günlərdə xarici nümayəndə heyətlərini qəbul etmək və ya danışıqlar aparmaq üçün nümayəndələr göndərmək planı yoxdur. O qeyd edib ki, hazırda xaricdə olan yeganə yüksək vəzifəli şəxs xarici işlər naziri Abbas Əraqçıdır və o, İraqda dini ziyarətdədir.

Sözçü əlavə edib ki, İranın hazırda apardığı yeganə danışıqlar Omanla Hörmüz boğazının idarə olunması məsələləri ilə bağlıdır.

Bundan əvvəl Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında İrana kütləvi hücumlar əvəzinə razılaşmaya üstünlük verdiyini deyib.

“İnsanları öldürmək istəmirəm. Hazırda onlarla danışıqlar aparırıq və bu proses sabah günortadan başlayacaq”, – Tramp bildirib, lakin o, görüşün keçiriləcəyi məkan və iştirakçılar barədə məlumat verməyib.

Daha sonra Tramp sosial şəbəkədə paylaşım edərək İran rəhbərliyini “inanılmaz dərəcədə ikiüzlü” adlandırıb və Tehranın görüş istədiyini, yaxın gələcəkdə yeni danışıqların planlaşdırıldığını iddia edib.

Qeyd edək ki, tərəflər arasında əsas mübahisə mövzularından biri Hörmüz boğazıdır. Vaşinqton İranın bu strateji su yolunda təsir imkanlarını məhdudlaşdırmaq istəyir, Tehran isə boğaz üzərində səlahiyyətlərinin qorunduğunu bildirir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: