Bakıda botoks prosedurlarından sonra fəsad yaşayanların sayı artır. Son günlər daha bir tanınmış sima – bloger Afət Quluzadə də biotoksa görə səhhətində ciddi problemlər yarandığını açıqlayıb. Onun sözlərinə görə, prosedurdan sonra danışmaqda, çeynəməkdə və hərəkət etməkdə çətinlik çəkib. Hətta ilkin olaraq ona iflic və insult diaqnozu qoyulduğu bildirilib.
Ümumiyyətlə, bu fonda estetik prosedurların mümkün fəsadları ciddi müzakirə olunur. Belə halların artmasına səbəb nədir? Keyfiyyətsiz preparatlar, qeyri-peşəkar müdaxilə, yoxsa nəzarət mexanizmlərindəki boşluqlar? Botoks hansı hallarda təhlükəli ola bilər?
Globalinfo.az-a danışan nevroloq Elşən Qarayev bildirib ki, botoks bir sıra tibbi məqsədlərlə yanaşı, kosmetologiya sahəsində də geniş istifadə olunur:
“Kosmetoloji praktikada botoks aşağı dozada istifadə edildiyi üçün əksər hallarda təhlükəsiz prosedur hesab olunur. Lakin istənilən tibbi müdaxilədə olduğu kimi, burada da risklər və yan təsirlər mümkündür. Ən çox rast gəlinən yan təsirlər iynə vurulan nahiyədə qızartı, ağrı, göyərmə, bəzən isə baş ağrısıdır. Nadir hallarda ptoz (göz qapağının sallanması), qaşlarda asimmetriya və mimikada fərqli görüntü yarana bilər. Çox az hallarda olsa da, allergik reaksiyalar, bulanıq görmə, ikigörmə, udma və tənəffüs çətinliyi kimi ciddi fəsadlar da müşahidə edilə bilər”.
E.Qarayev qeyd edib ki, prosedurdan əvvəl mütəxəssis pasiyentin sağlamlıq vəziyyətini düzgün qiymətləndirməli və buna uyğun qərar verməlidir:
“Keçirilmiş xəstəliklər, istifadə olunan dərmanlar, allergiyalar mütləq nəzərə alınmalıdır. Preparatın saxlanma şəraiti də (xüsusi soyuducu şəraitində saxlanılması) onun keyfiyyətinə təsir edən amillərdəndir. Pasiyentlər də diqqətli olmalıdır və yalnız rəsmi tanınan, orijinal məhsullardan istifadə etməlidir. Bu, elə də çətin deyil. İnternet vasitəsilə orijinal məhsullar barədə məlumat əldə etmək mümkündür. Həmçinin prosedur zamanı preparatın qablaşdırılmasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirmək lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az
