Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) jurnalistləri Dünya Kuboku hüquqlarının satışı ilə bağlı məsləhətləşmələri pozmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
“Planlaşdırdığımız məsləhətləşmə prosesimiz qeyri-dəqiq media xəbərləri səbəbindən pozuldu. Biz bu məsləhətləşmə prosesini davam etdirəcəyik ki, iştirak edən hər kəs faktlara əsaslanaraq öz fikirlərini bildirə bilsin”, – deyə qeyd olunub.
FIFA həmçinin Dünya Kubokuna ev sahibliyi hüquqlarının özəl investorlara satılmasının səbəbini izah edib:
“FIFA Forward Enterprise”ın yaradılması təklifinin məqsədi bütün assosiasiyaların öz ölkələrində futbolun kommersiya imkanlarından gəlir əldə etməsinə şərait yaratmaqdır. Futbol satılmır”.
Bundan əvvəl “The Telegraph” qəzeti FİFA prezidenti Canni İnfantinonun Dünya Kubokundakı payını özəl investorlara satmaq təklifini nəzərdən keçirdiyini bildirmişdi. Mənbənin məlumatına görə, FİFA turnirin idarəçiliyini ayrı bir şirkətə ayırmağı və investorlara səhmlərinin təxminən 20-30 faizini satmağı planlaşdırır.
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) isə FİFA-nın turnirə ev sahibliyi hüquqlarını satacağı təqdirdə, 2030-cu ildə keçiriləcək növbəti Dünya Kubokunu boykot etmək niyyətində olduğunu açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az