Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə “Netflix” platformasında reklam və təbliğat xarakterli məlumatlar yerləşdirməyi planlaşdırır. Bu məqsədlə “Netflix Ads LLC” şirkətinə 510 min manat ödəniləcəyi bildirilir.
Bəs bu vəsait qarşılığında Azərbaycan turizm sahəsində hansı nəticələri əldə edə bilər? Belə bir tanıtım kampaniyası ölkəyə turist axınının artmasına nə dərəcədə təsir göstərəcək?
Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Azərbaycanın “Netflix” kimi qlobal platformada tanıdılması ölkənin turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması baxımından əhəmiyyətli addımdır.
Onun sözlərinə görə, belə platformalar vasitəsilə aparılan tanıtım kampaniyaları Azərbaycanın turizm destinasiyası kimi tanınmasına kömək edə bilər:
“Beynəlxalq auditoriyaya çıxış baxımından bu cür təşəbbüslər vacibdir. Lakin turist axınının artırılması üçün yalnız reklam və tanıtım kifayət etmir. Turistlərin ölkə haqqında məlumatlı olması ilə yanaşı, həmin istiqaməti təhlükəsiz və əlçatan hesab etməsi də mühüm amildir. Azərbaycan bu baxımdan üstün mövqeyə malikdir və təhlükəsiz turizm məkanlarından biri kimi qiymətləndirilə bilər”.
Ekspert qeyd edib ki, turistlərin seçimində əsas amillərdən biri də nəqliyyat imkanları və səfərin qiymətidir:
“İstənilən turist üçün səyahətin rahat, əlçatan və münasib qiymətə olması böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycana hava nəqliyyatı ilə səfərlərin, xüsusilə qonşu ölkələrlə müqayisədə, daha münasib qiymətə təşkili vacibdir. Uçuş xərclərinin optimallaşdırılması ölkənin turizm baxımından rəqabət qabiliyyətini artıra bilər”.

Ceyhun Aşurov
C.Aşurov bildirib ki, Bakı ilə yanaşı, digər beynəlxalq hava limanlarının imkanlarından da daha geniş istifadə olunmalıdır:
“Xarici, xüsusilə də aşağıbüdcəli aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi turist axınının artmasına və regionların turizm potensialının daha effektiv istifadəsinə imkan verə bilər. “Netflix” platformasında Azərbaycanın tanıdılması turizm marketinqinin vacib alətlərindən biridir. Bununla yanaşı, beynəlxalq səyahət bloqerlərinin və kontent yaradıcılarının ölkəyə dəvət olunması, onların hazırladığı materiallar vasitəsilə Azərbaycanın milyonlarla insana təqdim edilməsi də effektiv tanıtım üsullarındandır”.
Ekspert hesab edir ki, güclü beynəlxalq tanıtım, əlverişli nəqliyyat imkanları, təhlükəsiz mühit və müasir turizm infrastrukturunun inkişafı Azərbaycanın turist sayını artırmasına imkan yarada bilər.
Zaira Akifqızı
Globalinfo.az