erdo tramp netan 111

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının verilməsi ilə bağlı qərarını açıqlaması və bu məsələdə İsrailin Baş naziri Benyamin Netanyahunun etirazlarını nəzərə almaması Vaşinqtonun Yaxın Şərq siyasəti ətrafında yeni müzakirələrə səbəb olub.

ABŞ həqiqətənmi Ankara ilə strateji tərəfdaşlığı gücləndirmək naminə İsrailin narahatlıqlarını ikinci plana keçirir, yoxsa Trampın sərgilədiyi bu mövqe pərdəarxasında gedən daha mürəkkəb siyasi və təhlükəsizlik hesablamalarından qaynaqlanır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Tramp Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya edəcəyini ötən il açıq şəkildə söyləyib:

“Bunun səbəbləri ABŞ-nin iqtisadi problemlərinin artması və nəticədə Yaxın Şərq siyasətində Türkiyəyə ehtiyac duyması ilə bağlıdır. Təbii ki, Türkiyə Prezidenti Ərdoğanın Trampla yaxın münasibətləri Ankara-Vaşinqton arasında siyasi əlaqələrin effektini artırır.

ABŞ-Türkiyə arasında münasibətlərin inkişafından Təl-Əviv ciddi narahatlıq duyur. Bunun da köklü səbəbləri var. Əsəd devriləndən sonra Türkiyənin Suriyada mövqeləri gücləndi. Suriyada Türkiyənin dəstəyi ilə dövlətçilik ənənələri tədricən bərpa olunmağa başladı. Suriyanın hazırkı hökuməti ilə ABŞ arasında əlaqələr inkişaf etdi. Bu isə genişlənmə siyasətini prioritet sayan Netanyahu hökumətinin maraqlarını təhdid edir. İsrail koalisiyasını təmsil edən radikal dindarlar bölgənin xaosa sürüklənməsində və davamlı müharibədə maraqlıdırlar. Türkiyənin güclənməsi, xüsusilə Suriyada möhkəmlənməsi Təl-Əvivİn planlarının üzərindən xətt çəkir. Çünki İsrail hazırda hava gücü ilə bölgəni təhdid edir, quru qoşunlarının isə döyüş qabiliyyəti çox aşağıdır. “Hizbullah”la qarşıdurma real mənzərəni ortaya qoyur. Türkiyənin Suriyada möhkəmlənməsi isə İsraillə Türkiyə arasında quru döyüşləri riskini artırır. Türkiyə ilə savaş isə İsrail üçün fəlakət deməkdir. Məhz buna görə də, İsrail bütün gücü ilə Türkiyənin Suriyada mövcudluğunu əngəlləməyə çalışır.

Bu səbəbdən Netanyahu dəfələrlə ABŞ-yə səfər edərək, Trampı Suriya siyasətində Türkiyə ilə əməkdaşlıqdan çəkindirməyə çalışıb. İsrail hesab edir ki, F-35-lər vasitəsilə bölgədə hava gücü ilə effektiv çəkindirmə siyasəti yürüdə, Suriya və Livan ərazilərini maneəsiz işğal edə bilər. İranla müharibədə bu qədər cəsarətli olmasının səbəbi isə quru döyüşlərinin mümkünsüzlüyüdür. Amma Suriya ilə ittifaq perspektivləri baxımından Türkiyənin İsrail üçün durumu fərqlidir və Təl-Əviv bundan əndişə duyur”.

eli zulfu 900x585 1

Əli Zülfüqaroğlu

Siyasi şərhçi həmçinin deyib ki, Türkiyənin F-35 proqramından uzaqlaşdırılmasının arxasında da Konqresə ciddi təsir imkanlarına sahib olan İsrail lobbisi, əsasən də Dünya Sionist Təşkilatında güclü dayaqlara malik sağçılar olub:

“Məqsəd İsrailin bölgədə alternativsiz hava gücünə sahibliyinin təmin olunmasıdır. Amma İran müharibəsinin nəticəsində ABŞ-də durum dəyişdi. ABŞ İranın güclü müqaviməti ilə qarşılaşandan sonra hökumətin daxildə mövqeləri zəiflədi, həmçinin aralıq seçkilərinin yaxınlaşmasını nəzərə alaraq nəticədə İranın bütün şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Xüsusilə 14 bəndlik anlaşma memorandumunun 1-ci bəndində atəşkəsin “Hizbullah” və digər proksilərə şamil olunması tələbi Vaşinqton tərəfindən qəbul olundu. Amma İsrail hökuməti bundan narazılığını ifadə edərək, Trampın çağırışlarına rəğmən, ABŞ-nin maraqlarını heçə sayaraq Livana hücumlarını davam etdirdi. Bununla da Trampla Netanyahu arasında münasibətlər daha da kəskinləşdi. Xüsusilə ABŞ hökumətində güclü dayaqlara malik olan “öncə amerikaçılar”ın  (MAGA) mövqeləri İsrail dəstəkçiləri ilə müqayisədə gücləndi. Türkiyə də yaranmış durumdan istifadə edərək F-35 məsələsini həll etməyə çalışır. Onsuz da bölgədə proseslər İsrailin əleyhinə, Türkiyənin isə lehinə cərəyan edir. İranla müharibə Netanyahunun planlarının çökməsinə, ABŞ ilə münasibətlərin, daxildə isə vəziyyətin pisləşməsinə səbəb oldu, Türkiyə isə proseslərdən güclənərək çıxdı. Onsuz da F-35-lər olmadan belə, Türkiyə İsraildən qat-qat güclüdür. F-35-lər əldə olunandan sonra isə İsrailin bölgədə hegemoniyası, demək olar ki, bitəcək. Türk diplomatiyası yaranmış durumu düzgün dəyərləndirərək, uğurlu addımlar atdı, qaldı son nəticəyə nail olmaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: