“Bəzən başqa ölkədə yaşayan azərbaycanlılar o ölkənin vətəndaşlığını almaq üçün Azərbaycan vətəndaşlığından çıxırlar. Bu da əsasən bəzi dövlətlərin ikili vətəndaşlığa icazə verməməsi ilə bağlı olur”.
Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Globalinfo.az-ın əməkdaşının vətəndaşlıqdan imtina edənlərin yenidən ölkəyə qayıtmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
O bildirib ki, sonradan həmin şəxs Azərbaycana qayıdarsa və burada daimi yaşamaq istəsə, yenidən vətəndaşlıq almaq üçün müraciət edə bilər:
“Yəni vətəndaşlıqdan çıxmış şəxsin gələcəkdə yenidən vətəndaşlıq əldə etməsi qanunvericilik çərçivəsində mümkündür. Belə məsələlərə hər bir konkret hal üzrə yanaşmaq lazımdır. Əgər şəxs uzun illər xaricdə yaşayıb, başqa ölkənin vətəndaşlığını əldə edib və daha sonra Azərbaycana qayıdaraq burada yaşamaq istəyirsə, onun yenidən vətəndaşlığa qəbul olunması üçün müraciət etmək hüququ var”.
Zaira Akifqızı
Globalinfo.az