Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini Ukrayna münaqişəsini dondurmağa çağırıb.
Tokayev Putinə İstanbul danışıqlarına qayıtmağı və sülh üçün müzakirələrə başlamağı təklif edib.
“Bəlkə də bu münaqişəni dayandırmağın və İstanbul 2.0 formuluna qayıtmağın vaxtıdır. Çünki orada əhəmiyyətli nəticələr əldə olunub. Təbii ki, Rusiyanın da daxil olduğu böyük dövlətlərin zəmanəti ilə çoxdan gözlənilən sülhə doğru irəliləməyə davam edə bilərik”, – Tokayev bildirib.
O, Qazaxıstanın vasitəçi olmaqdan imtina etdiyini, çünki Rusiyanın buna ehtiyac duymadığını deyib.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya–Ukrayna müharibəsi dalana dirənib və tərəflər bir-birinə qarşı intensiv hava zərbələri endirməkdə davam edir:
“Xüsusilə Ukraynanın Rusiyanın hərbi və enerji infrastrukturunu hədəfə alması ciddi iqtisadi və hərbi itkilərə səbəb olur. Bununla yanaşı, Rusiya da Ukrayna şəhərlərinə və kritik infrastruktura hücumlarını davam etdirir.
Məhəmməd Əsədullzadə
Hazırkı mərhələdə Rusiya ərazi güzəştlərindən imtina edir və müharibəni davam etdirməkdə israrlı görünür. Digər tərəfdən, Ukrayna da öz ərazi bütövlüyündən geri çəkilməyəcəyini bəyan edir. Nəticədə cəbhədə genişmiqyaslı irəliləyiş əldə olunmur və müharibə əsasən qarşılıqlı tükəndirmə xarakteri daşıyır.
Ukraynanın Rusiyanın enerji obyektlərinə və neft infrastrukturuna endirdiyi zərbələr Rusiyanın enerji ixracına müəyyən mənfi təsirlər göstərir. Buna baxmayaraq, Moskva hələ də müharibəni maliyyələşdirmək üçün kifayət qədər resurslara malik olduğunu nümayiş etdirir.Belə bir şəraitdə münaqişənin hərbi yolla həllindən daha çox, diplomatik həll yollarının axtarılması zərurəti artır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dəfələrlə danışıqların və siyasi həllin vacibliyini vurğulayıb. Lakin Rusiya yalnız öz şərtləri əsasında atəşkəsin və danışıqların mümkün olduğunu bildirir. Ukrayna isə bu şərtlərin ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu hesab edərək onları qəbul etmir.
Mövcud vəziyyət göstərir ki, tərəflərin mövqeləri hələ də kəskin şəkildə fərqlənir. Bu səbəbdən yaxın perspektivdə davamlı sülhə nail olmaq çətin görünür. Bununla belə, uzunmüddətli perspektivdə münaqişənin yalnız qarşılıqlı kompromis və beynəlxalq vasitəçilik əsasında siyasi həllinin mümkün olacağı ehtimalı daha yüksəkdir”.
Turan Rzayev
Globalinfo.az