Cənubi Koreyanın “SK Group” şirkətlər qrupunun sədri Çe Te Vonla keçmiş həyat yoldaşı Roh Soh-yeonq arasında illərlə davam edən və ölkədə “əsrin boşanması” adlandırılan məhkəmə prosesi yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, milyarder keçmiş həyat yoldaşına əmlak bölgüsü çərçivəsində 944 milyard von (təxminən 1 milyard 88 milyon manat) ödəməlidir.
Bu məbləğ 2025-ci ildə apellyasiya məhkəməsinin müəyyən etdiyi təxminən 940 milyon dollarlıq kompensasiyadan azdır.
Bundan əlavə, biznesmen daha əvvəl aliment kimi 2 milyard von (təxminən 1,3 milyon dollar) ödəməyə də məcbur edilmişdi.
Qeyd edək ki, cütlük 1988-ci ildə ailə qurmuşdu və onların üç övladı var. Nikah 2015-ci ildə Çe Te Vonun məşuqəsinin olduğunu və həmin qadından övladının dünyaya gəldiyini etiraf etməsindən sonra faktiki olaraq dağılıb. Roh Soh-yeonq boşanma zamanı milyarderin sərvətinin yarısını – təxminən 1 milyard dolları tələb etsə də, məhkəmə biznesmenin şirkətdəki səhmlərini kompensasiyaya daxil etməyib.
Əliyar Xəlil
Globalinfo.az