Gürcüstanın Baş naziri İrakli Kobaxidze rusiyalı vətəndaşa qarşı hücumla bağlı yaranan vəziyyətin qəsdən şişirdilməsində “xarici agentləri” günahlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.
“Burada çox sadə bir məqsəd var. Gürcüstanda xaricdən süni şəkildə nifrət yaratmaq istəyirlər. Bu vəzifəni konkret agentlər yerinə yetirir. Biz bu cəhdlərə və belə göstərişləri icra edən şəxslərə qarşı bütün vasitələrlə mübarizə aparacağıq”, – Kobaxidze bildirib.
Qeyd edək ki, hadisə iyulun 19-da Gürcüstanın Kaxeti bölgəsində baş verib. Məlumata görə, naməlum kişi rusiyalı turistlərin qaldığı otel otağına daxil olaraq qadınlardan birinə hücum edib. Nəticədə turist burun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
Gürcüstan Daxili İşlər Nazirliyi münaqişənin səbəbini turistlərin davranışı ilə əlaqələndirib. Nazirliyin məlumatına görə, onlar oteldə keçirilən toy mərasiminin iştirakçılarını təhqir edib və avadanlıqları su ilə isladıb. Rusiyalı turistlər isə bu iddiaları təkzib edərək bildiriblər ki, münaqişə onların rus dilində danışmasına görə yaranıb.
İyulun 21-də məhkəmə rusiyalı turistə hücum etməkdə ittiham olunan Georgi Çiqladzeni girov müqabilində azadlığa buraxıb. O, baş verən hadisəyə görə peşman olduğunu bildirib.
Əliyar Xəlil