Azərbaycan nefti artıq 100,56ABŞ dollara satılır. Bu hələ 2008-ci ilin iyulunda qeydə alınmış (149,66 $) rekord qiymət deyil. Amma ABŞ-İran hərbi gərginliyi artdıqca yeni sıçrayış ola bilər.
“Hətta bundan əvvəl baş verən 40 günlük müharibənin ən gərgin dövründə “Brent” markalı neftin qiyməti qısa müddət ərzində 126 dollara qədər yüksəlsə də, sonradan bazar vəziyyətə uyğunlaşıb”.
Globalinfo.az bildirir ki, bunu “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Ekspertin sözlərinə görə, hazırda neft 90-95 dollar ətrafında ticarət olunur:
“Əgər İran Hörmüz boğazını bağlamağa cəhd etsəydi, qiymət 100 dolları da keçə bilərdi. Amma görünən odur ki, İranın buna imkanı yoxdur. Münaqişə edən tərəflər arasında razılaşma əldə olunarsa, qiymət yenidən 75-80 dollar səviyyəsinə enə bilər”.
İlham Şaban qeyd edib ki, qiymət artımı dünya neft bazarına Hörmüz boğazı ətrafında yaranan risklərdən qaynaqlanır. Onun sözlərinə görə, dünya üzrə ticarət olunan neftin təxminən 20 faizi məhz bu marşrut vasitəsilə daşındığından, bölgədəki hər hansı təhlükə bazara birbaşa təsir göstərir.
O, 2026-cı il dövlət büdcəsində qeyd olunan neftin qiymətini (65 dollar) xatırladıb və artım hesabına formalaşan əlavə gəlirin sosial ödənişlərə təsirini şərh edib:
“Təkcə qiymətin yüksəlməsi maaş və pensiyaların artırılması üçün əsas sayıla bilməz. İlin birinci və ikinci rüblərinin nəticələrinə baxsaq, hökumət əlavə neft-qaz gəlirlərinin büdcəyə daxil olması ilə bağlı açıqlama verməyib. ÜDM-in artımı da cəmi 0,8 faiz olub. Hökumət yalnız kifayət qədər əlavə maliyyə resursu formalaşdığı halda belə qərarlar verə bilər”.
Hazırda ABŞ-nin nəzarətində iolan Venesuela neftinin nın dünya bazarında mümkün roluna toxunan İlham Şaban bildirib ki, bu ölkənin nefti əsasən ağır neft olduğundan onun əsas alıcısı və emalçısı ABŞ-dir:
“Venesuela nefti dünya bazarında qiymətləri müəyyən edəcək həcmdə təsirə malik deyil. ABŞ hazırda bu ölkənin neft sektoruna nəzarəti gücləndirib. Gələcəkdə hasilatın artması mümkündür, amma bu qısa müddətdə baş verməyəcək. Təxminən bir ildən sonra gündəlik hasilatın 1,5 milyon barrelə çatacağı gözlənilir”.