masin bazari 900x565 1

Azərbaycana hibrid avtomobil idxalında kəskin geriləmə qeydə alınıb. Bu ilin ilk altı ayında ölkəyə cəmi 3204 hibrid avtomobil gətirilib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 9037 ədəd idi. Beləliklə, hibrid avtomobil idxalı illik müqayisədə təxminən 64 faiz azalıb.

Bu azalma avtomobil bazarında qiymətlərə və seçim imkanlarına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, burada maraqlı bir tendensiya müşahidə olunur:

“Belə ki, bu ilin 1 yanvar tarixinə qədər elektrik və hibrid avtomobillərin idxalına müəyyən vergi güzəştləri, o cümlədən ƏDV güzəşti tətbiq olunurdu. Bu da həmin avtomobillərin qiymətini xeyli aşağı salır və ölkəyə gətirilən elektrik və hibrid avtomobillərin sayını artırırdı. Keçən ilin sonuna yaxın isə bu güzəştlərin ləğv ediləcəyi məlum oldu. Nəticədə avtomobil almağı planlaşdıran bir çox vətəndaş qiymətlər bahalaşmamış alışı tezləşdirdi. Yəni əslində 2026-cı ilin əvvəlində avtomobil almağı düşünənlərin bir hissəsi bunu 2025-ci ilin dekabrında həyata keçirdi ki, avtomobili daha sərfəli qiymətə əldə etsin. Məhz buna görə də statistikada keçən il ölkəyə gətirilən avtomobillərin sayında ciddi artım görünür. Bu artımın əsas səbəblərindən biri məhz tətbiq olunan vergi güzəştləri və onların ləğv olunacağı gözləntisi idi”.

yasin mustafayev

Yasin Mustafayev

Ekspert bildirib ki, bu təcrübə təkcə Azərbaycana məxsus deyil:

“İnkişaf etmiş ölkələrin əksəriyyətində də avtomobil parkını yeniləmək, ətraf mühitə atılan zərərli tullantıları azaltmaq, ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək məqsədilə elektrik və hibrid avtomobillərə müxtəlif vergi güzəştləri tətbiq olunur. Bu siyasətin Azərbaycanda da ciddi nəticələri oldu. Bu gün şəhər küçələrində və prospektlərdə səssiz hərəkət edən çoxlu sayda elektrik və hibrid avtomobillər görürük. Bu da göstərir ki, tətbiq olunan təşviq mexanizmi öz effektini verdi. Sonradan dövlət həmin güzəştləri ləğv etdi. Təbii ki, dövlətin öz vergi siyasəti, büdcə proqnozları və fiskal prioritetləri var və buna hörmətlə yanaşmaq lazımdır. Bununla belə, hesab edirəm ki, güzəştlər bir qədər də davam etsəydi, elektrik və hibrid avtomobillərə maraq daha da artar, bu nəqliyyat vasitələrinin bazardakı payı daha sürətlə genişlənərdi”.

Ləman İmran
Globalinfo.az

Paylaş: