moldova 1

“Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması ölkəyə zərər vuracaq”.

Globalinfo.az xəbər verir ki, bunu “TASS”a MDB-nin baş katibi Sergey Lebedev deyib.

“Məsələ ilə məşğul olan bütün ekspertlər belə qənaətə gəlirlər ki, bu addım respublika üçün zərərlidir. Böyük bir bazarın itirilməsi deməkdir. Bundan əlavə, MDB çərçivəsindəki sazişlərin verdiyi üstünlüklər də itiriləcək”, – deyə o bildirib.

İyunda Moldovanın sabiq prezidenti İqor Dodon bəyan edib ki, ölkə Rusiya və MDB ilə ikitərəfli münasibətlərin məhdudlaşdırılması siyasəti səbəbindən hər il təxminən 1 milyard avro itirir. Onun sözlərinə görə, 2021-ci ildən bəri bu itkilərin ümumi həcmi 5 milyard avroya çatıb.

Mart ayında isə Moldovanın MDB-nin əsas sənədlərindən – Birliyin yaradılması haqqında Sazişdən, Nizamnamədən və Alma-Ata Bəyannaməsindən çıxması ilə bağlı qərarlar Prezident Maya Sandu tərəfindən təsdiqlənərək qüvvəyə minib. Hökumət həmçinin 22 yanvar 1993-cü ildə Minskdə imzalanmış MDB Nizamnaməsini də denonsasiya edib. Çıxış prosedurunun təxminən bir il davam edəcəyi bildirilir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: