“Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketinin razılaşdırılması dalana dirənib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Avstriya və Yunanıstan sənədin qəbuluna veto qoyub.b
Almaniya, Fransa, İtaliya və Portuqaliya isə bəzi müddəaların yumşaldılmasını və ya öz iqtisadiyyatları üçün istisnaların tətbiqini tələb edib.
“Aİ üzvləri arasında ən ciddi narazılıq Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasının qadağan olunması təklifi ilə bağlı yaranıb. Yunanıstan bu təşəbbüsə qəti şəkildə qarşı çıxıb. Afina hesab edir ki, belə bir qərar ölkənin gəmiçilik sektoruna ciddi zərbə vuracaq və yunan şirkətləri bazarda Çin, Yaponiya və ABŞ rəqiblərinə uduza bilər.
Almaniya və Portuqaliya isə Rusiyadan balıq idxalına məhdudiyyət qoyulmasına etiraz edib. Hər iki ölkə hesab edir ki, bu addım həm istehlakçılara, həm də balıq emalı sənayesinə mənfi təsir göstərəcək.
Bundan başqa, İtaliya, Fransa və Yunanıstan rusiyalı hərbçilərin Aİ-yə girişinə tam qadağa qoyulmasını da dəstəkləməyib. Məlumata görə, bu ölkələr həmin müddəanın yumşaldılmasına nail olublar”, – deyə nəşr yazıb.
Buna baxmayaraq, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsində israrlıdır.
Yeni sanksiyalar paketinin qəbul edilməsi üçün Aİ-yə üzv bütün dövlətlərin razılığı tələb olunur.
Üzv ölkələr arasında yaranmış fikir ayrılığı səbəbindən səsvermə iyulun 23-nə təxirə salınıb.
Əliyar Xəlil
Globalinfo.az