ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına beynəlxalq nüvə təhlükəsizliyi zəmanətləri tətbiq edilmədən uranın zənginləşdirilməsi ilə məşğul olmağa ilkin razılıq verib.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə və əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə energetikası sahəsində əməkdaşlığı nəzərdə tutan və “123 Sazişi” adlandırılan razılaşmadan gedir. Mənbələrin sözlərinə görə, sənəd hələ ABŞ qanunvericiliyinin tələb etdiyi kimi Konqresə təqdim edilməyib.
Ekspertlər bildiriblər ki, sərt nəzarət mexanizmləri tətbiq olunmasa, bu saziş gələcəkdə Səudiyyə Ərəbistanına nüvə silahı əldə etmək üçün texniki imkan yarada bilər.
Bildirilir ki, saziş ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanının mülki nüvə proqramına nüvə materialları və texnologiyaları ötürmək üçün hüquqi baza yaradır. Bununla belə, bu cür texnologiya və materialların ötürülməsi gələcəkdə ayrıca yoxlamalardan keçməlidir.
CNN-in tanış olduğu sənədlərə əsasən, layihədə Səudiyyə Ərəbistanının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) gücləndirilmiş təhlükəsizlik zəmanətləri haqqında standart sazişini qəbul etməsi məcburi şərt kimi göstərilməyib.
2025-ci ilin oktyabrında tərəflər mülki nüvə energetikası sahəsində əməkdaşlıq üzrə danışıqların başa çatdığını açıqlayıblar. Həmin vaxt ABŞ-ın energetika naziri Kris Rayt iki ölkənin mülki nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılığa gəldiyini və tərəfdaşlığın nüvə silahlarının yayılmaması prinsiplərinə uyğun şəkildə genişləndiriləcəyini bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman 2023-cü ildə Fox News-a müsahibəsində İranın nüvə silahı əldə edəcəyi təqdirdə, təhlükəsizlik baxımından ölkəsinin də analoji addım atacağını bəyan edib.
Əliyar Xəlil