iran 900x599 1

İsrailin Livanda “Hizbullah”a qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı barədə məlumatlar fonunda Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Təl-Əvivin əməliyyatları Suriya ilə koordinasiyalı şəkildə həyata keçirmək niyyətində olduğu bildirilsə də, Dəməşqin regionda yeni müharibə ocağının yaranmasını istəmədiyi qeyd olunur.

İranın Suriyadakı ABŞ hərbi bazasına, eləcə də Omandakı ABŞ hədəflərinə endirdiyi cavab zərbələri bölgədə qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Ekspertlər hesab edirlər ki, gərginliyin daha da dərinləşməsi təkcə ABŞ-İran qarşıdurmasının coğrafiyasını genişləndirməyəcək, həm də İsrailin Livan istiqamətində planlaşdırdığı əməliyyatlara və Suriyanın bu məsələdə tutduğu mövqeyə təsir göstərə bilər.

Bəs eskalasiyanın davam etməsi Dəməşqin indiyədək sərgilədiyi ehtiyatlı mövqeyini dəyişə bilərmi? İran-ABŞ qarşıdurmasının yeni mərhələsi İsrailin “Hizbullah”a qarşı planlarına necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu addımı təəccüblü deyil:

“Bu, İran hakimiyyətinin mövqeyi kimi də qiymətləndirilməməlidir. Rəsmi Tehran diplomatik səylər ortaya qoyduqca, SEPAH vəziyyəti gərginləşdirməyə çalışır. Ümumiyyətlə, hazırda İranın əsas çətinliyi SEPAH-la hakimiyyət arasında fərqli mövqelərin mövcud olmasıdır. SEPAH faktiki olaraq İsrailin “əlinə oynayır”, ölkəni yeni müharibəyə sürükləyir. Məqsəd mərkəzi hakimiyyəti zəiflətməkdir.

kenan novruzov
Kənan Novruzov

Suriyaya hücumlar da bu kontekstdə qiymətləndirilməlidir. SEPAH hakimiyyəti çətin vəziyyətdə qoymağa çalışır. Buna baxmayaraq, indiki məqamda hər hansı genişmiqyaslı müharibənin başlayacağını gözləmirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: