İsrail iki il ərzində idarə olunan JDAM aviasiya bombalarının kütləvi istehsalını təşkil etməyi planlaşdırır. Məqsəd ABŞ-dan silah tədarükündən asılılığı azaltmaqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail hələ 2024-cü ildə, o vaxtkı müdafiə naziri Yoav Qallantın göstərişi ilə yerli bombaların istehsalını artırmağa başlayıb. Buna səbəb həmin ilin may ayında ABŞ Prezidenti Co Bayden administrasiyasının İsrailə bəzi silah növlərinin tədarükünə qismən məhdudiyyət tətbiq etməsi olub.
Bildirilib ki, onilliklər ərzində İsrail bu tip silahların təminatında əsasən ABŞ-a arxalanıb. İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram bildirib ki, son dövrdə nazirlik xüsusilə aviasiya bombalarının istehsalının artırılmasına diqqət yetirir.
“Hazırda sərf olunmuş bütün sursat ehtiyatlarının bərpası üzərində çalışırıq ki, istənilən ssenariyə hazır olaq. İrana qarşı əməliyyatdan əvvəl qəbul etdiyimiz, İsraildə istehsal xətlərinin genişləndirilməsi və sürətləndirilməsi ilə bağlı qərarlar ordunun tempini yeni mərhələyə yüksəldəcək”, – deyə Baram vurğulayıb.
Nəşr qeyd edir ki, İsrail artıq adi aviasiya bombalarını yüksək dəqiqlikli silahlara çevirmək üçün öz idarəetmə sistemlərini istehsal edir. Lakin bu sahədə istehsal həcmi hələlik ölkənin qarşıya qoyduğu məqsədlərdən xeyli aşağıdır.
Əliyar Xəlil