İranın pilotsuz uçuş aparatlarının Küveyt ərazisindəki hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində ölkənin Quru Qoşunlarının bir neçə hərbçisi yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kuwait Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbçilər İran PUA-larının bir neçə hərbi obyektə və düşərgəyə hücumu nəticəsində xəsarət alıblar. Yaralı hərbçiləri Küveyt Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Xalid Əl-Şurayan və Baş Qərargah rəisinin müavini, general-mayor Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah ziyarət edib.
Nəşr Küveyt Xarici İşlər Nazirliyinə istinadən yazır ki, hücumlar nəticəsində elektrik stansiyası və su təmizləyici qurğu da hədəfə alınıb. Nəticədə yanğın baş verib və bir neçə enerji bloku zədələnib.
Küveyt Xarici İşlər Nazirliyi İranın hücumlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Nazirlik bildirib ki, Tehranın bu cür addımları regional sabitliyə təhlükə yaradır və Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində aparılan səylərə mənfi təsir göstərir.
Əliyar Xəlil