Ukrayna xarici işlər naziri Andriy Sibiha Rusiya ilə mümkün sülh danışıqlarının Türkiyədə keçirilə biləcəyini deməsi Ankaranın vasitəçilik rolunu yenidən gündəmə gətirib. O bildirib ki, indi danışıqlar masasına əyləşməyin, diplomatiyadan maksimum istifadə etməyin və bu müharibəyə son qoymağın vaxtıdır.
Bəs Türkiyənin bu prosesdə yenidən əsas platformaya çevrilmə ehtimalı necə qiymətləndirilir? Ankara tərəflər arasında real nəticə əldə olunmasına töhfə verə bilərmi?
Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsinin başladığı ilk günlərdə tərəflər Türkiyədə danışıqlara başlamışdı. Sonradan bu danışıqlar yarımçıq dayandı. “Taxıl dəhlizi” dialoqu da Türkiyə üzərindən həyata keçirilmişdi.
Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, Türkiyənin vasitəçilik imkanları kifayət qədər geniş olsa da, Rusiya–Ukrayna münaqişəsində yekun nəticə təkcə Ankaradan asılı deyil:
“Burada əsas məsələ Rusiya və Ukraynanın siyasi iradəsi, eləcə də danışıqların gündəliyinin nə dərəcədə real və konkret hazırlanmasından asılıdır. Tərəflərin sülhə hansı şərtlərlə hazır olduqları hələ də tam aydın deyil və bu sualların birmənalı cavabı yoxdur. Şübhəsiz ki, Türkiyə öz imkanları və səlahiyyətləri çərçivəsində danışıqların uğur qazanması üçün səylər göstərəcək. Ankara təkcə görüşlərə ev sahibliyi etməklə kifayətlənməyəcək, eyni zamanda danışıqların gündəliyinin formalaşdırılmasında da fəal rol oynaya bilər”.
İlqar Vəlizadə
Politoloq qeyd edib ki, Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə etibarlı və açıq dialoqu qoruyub saxlaya bilən nadir ölkələrdəndir:
“Ankara öz mövqeyini prinsipial şəkildə Moskvaya çatdırır və bu mövqe Rusiya tərəfindən dinlənilir. Halbuki bir çox Avropa və ümumilikdə Qərb ölkələrinin yanaşmaları Rusiya tərəfindən qəbul edilmir. Digər tərəfdən, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevə hərbi-texniki sahədə də yardım göstərir. Buna baxmayaraq, Moskva Ankara ilə dialoqu davam etdirir. Bunun əsas səbəbi Türkiyənin Rusiya üçün mühüm iqtisadi və ticarət tərəfdaşı olması, iri investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraqların mövcudluğudur. Bu amillər Türkiyəyə Rusiya üzərində müəyyən təsir imkanları qazandırır. Avropa ölkələri isə böyük ölçüdə bu təsir rıçaqlarını itiriblər. Sanksiyalar Rusiyaya müəyyən iqtisadi təsir göstərsə də, təkcə sanksiya dili ilə nəticə əldə etmək çətindir”.
İ.Vəlizadənin fikrincə, Türkiyə–Rusiya münasibətləri göstərir ki, dialoq və qarşılıqlı əlaqələrin qorunması da mühüm əhəmiyyət daşıyır:
“Nəticə etibarilə, Türkiyənin həm Rusiya, həm də Ukrayna üzərində müəyyən təsir imkanları mövcuddur. Lakin bu imkanların real nəticəyə çevrilməsi üçün hər iki tərəfin qəbul edə biləcəyi şərtlər formalaşmalı, danışıqların gündəliyi yetişməli və siyasi iradə ortaya qoyulmalıdır. Yalnız bu halda Türkiyə vasitəçi kimi tərəfləri bir araya gətirərək sülh prosesinə mühüm töhfə verə bilər”.
Zaira Akifqızı
Globalinfo.az