masin bazari

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 675,9 milyon dollar dəyərində 33 772 avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 35%, dəyər baxımından isə 30% azalma deməkdir. Minik avtomobillərinin idxalı da 47 199-dan 29 637-yə düşərək 37,2% azalıb.

İdxalın azalması yaxın aylarda avtomobil qiymətlərinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, əgər avtomobil bazarında durğunluq müşahidə olunursa, bu, ilk növbədə alqı-satqının zəifləməsi ilə bağlıdır:

“Qiymətlərdəki sabitlik və ya durğunluq adətən bazardakı alıcılıq fəallığının azalmasının göstəricisidir. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin həcmi azaldıqda bazarda təklif də məhdudlaşır. Bu halda sahibkar yeni avtomobil sifariş etməkdə daha ehtiyatlı davranır. Çünki avtomobilin ölkəyə gətirilməsi üçün əvvəlcədən vəsait yatırılır, bu vəsait bəzən kredit, bəzən isə borc hesabına təmin edilir. Satışın ləngiməsi isə həmin vəsaitin dövriyyəsini çətinləşdirir. Avtomobil bazarında əsas amillər ölkəyə idxal edilən nəqliyyat vasitələrinin sayı, keyfiyyəti və yaşıdır. Bu göstəricilər bazarın ümumi vəziyyətinə və qiymətlərin formalaşmasına birbaşa təsir edir. Eyni zamanda, avtomobillərin daşınması və logistika xərcləri də mühüm rol oynayır”.

aslan esedov

Aslan Əsədov

Ekspert bildirib ki, nəqliyyat vasitələrinin xarici ölkədən Azərbaycana çatdırılması, logistikanın təşkili və digər əlaqəli xərclər son qiymətə təsir göstərən əsas amillərdəndir:

“Sahibkar avtomobili ölkəyə gətirərkən əvvəlcə onun satış perspektivini və əldə edəcəyi gəliri hesablayır. Əgər bazarda tələbat aşağıdırsa, bu, yeni avtomobillərin idxalına da mənfi təsir göstərir. Nəticədə bazara yeni avtomobillərin daxil olması azalır və bu da əvvəlki dövrdə ölkəyə gətirilmiş, xüsusilə də işlənmiş avtomobillərin birmənalı olaraq qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: