Müğənni Nəfəsin yeni təqdim etdiyi mahnı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddialara görə, ifada Məhərrəm ayında səsləndirilən tanınmış mərsiyələrdən birinin melodiyasından istifadə edilib. Bəzi sosial şəbəkə istifadəçiləri bunu dini dəyərlərə hörmətsizlik kimi qiymətləndirərkən, digərləri isə bunun sadəcə musiqi oxşarlığı olduğunu bildiriblər.
Dini musiqilərdən fərqli məqsədlərlə istifadə etmək islamda necə qarşılanır? Bu, dinə hörmətsizlik hesab edilə bilərmi?
Globalinfo.az-a danışan ilahiyyatçı Hacı Qamət Süleymanov bildirib ki, islamda ümumiyyətlə musiqiyə münasibət birmənalıdır və onun hansı formada təqdim olunmasının fərqi yoxdur:
“Şəriətdə yalnız müəyyən istisnalara icazə verilib. Belə ki, bayram günlərində və toy məclislərində qadınların öz aralarında dəf çalaraq mahnı oxumasına və şənlənməsinə müəyyən hədd çərçivəsində icazə verilir. Bu icazə yalnız qadınlara və qeyd olunan hallara aiddir. Bunun xaricində isə, bu yanaşmaya görə, musiqi haram hesab olunur”.
Hacı Qamət Süleymanov
Qadınlara müəyyən hallarda icazə verilməsinin səbəbini izah edən Qamət Süleymanov bildirib ki, bu, insanların yaradılış xüsusiyyətləri ilə bağlıdır:
“Bunun səbəbi Allahın qadın və kişini fərqli xüsusiyyətlərlə yaratmasıdır. Allah-Təala insanların təbiətini daha yaxşı bilir və kimə hansı hökmlərin uyğun olduğunu müəyyən edib. Qadın və kişi eyni xüsusiyyətlərə malik olmadığı üçün bəzi dini hökmlər də cinsə görə fərqlənir. İslamda bəzi ehkamlar kişilərə, bəziləri isə qadınlara xasdır. Bununla yanaşı, dini hökmlərin böyük əksəriyyəti həm kişilərə, həm də qadınlara eyni şəkildə aiddir”.
Müasir dövrdə həyat tərzinin dəyişməsi ilə dini hökmlərin də dəyişib-dəyişməməsi məsələsinə toxunan ilahiyyatçı bildirib ki, dini hökmlər zamana görə dəyişmir:
“Dinin hökmləri bütün zamanlar, bütün məkanlar və bütün insanlar üçün keçərlidir. İnsan təbiəti dəyişmədiyi üçün dini hökmlər də zamana görə dəyişmir. Dəyişən insanların həyat tərzi, geyimi və texnoloji imkanlarıdır. Buna görə də dinin haram buyurduğu bir şey zaman keçdikcə halal, yaxud halal buyurduğu bir şey haram olmaz”.
Zaira Akifqızı
Globalinfo.az