ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda sülh sazişi bağlamağa hazır olacağını bildirib. Bu açıqlama Rusiya-Ukrayna müharibəsinin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Ağ Ev rəhbəri, həmçinin prezidentlik müddətinin sonunadək – 20 yanvar 2029-cu ilədək – Ukraynadakı münaqişənin başa çatacağına ümid etdiyini söyləyib. Döyüşlərin davam etdiyi bir vaxtda Vaşinqtondan verilən bu mesajın hansı siqnallara əsaslandığı və real sülh perspektivini nə dərəcədə əks etdirdiyi suallar doğurur.
Hazırkı hərbi-siyasi vəziyyətdə Putinin sülh sazişinə hazır olması nə dərəcədə real görünür? Trampın prezidentliyi dövründə müharibənin başa çatması mümkündürmü?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, bu, Trampın Ukrayna müharibəsi ilə bağlı ənənəvi yanaşmasının tərkib hissəsidir:
“Tramp Ukrayna müharibəsi ilə məşğul olduğu dövrlərdə fərqli mərhələlərdə gah Moskvaya, gah da Kiyevə qarşı sərt mesajlar verir və öz gücünü nümayiş etdirməyə çalışır. Ümumiyyətlə, Tramp özünü güclü tərəf kimi göstərməyi sevən siyasətçidir. Bu cür bəyanatlar da məhz həmin təzyiq siyasətinin elementlərindən biridir.

Fərhad Pərvizi
Hazırda Ukrayna Rusiyanın enerji infrastrukturuna ciddi zərbələr endirir. Bu isə Rusiya daxilində iqtisadi və enerji problemlərini daha da dərinləşdirir. Belə bir şəraitdə Tramp administrasiyası əvvəlki dövrlərlə müqayisədə daha çox Kremlə təzyiq göstərməyə çalışır, nəinki Ukrayna Prezidenti Volodimir Zelenskiyə. Vaşinqton Ukraynaya verdiyi dəstəyin miqyasını yaxşı anlayır və hesab edir ki, Rusiyaya təzyiqlərin artırılması Kremlin atəşkəsə yaxınlaşmasına təsir göstərə bilər”.
Turan Rzayev
Globalinfo.az