Ukraynanın müdafiə naziri Mixaylo Fedorov vəzifəsindən istefa verib.
Globalinfo.az xəbər verir ki, Fedorov istefasını teleqram kanalında təsdiqləyərək fəaliyyəti dövründə görülən işlərlə bağlı hesabat yayıb.
O, komandaya, hərbçilərə və beynəlxalq tərəfdaşlara təşəkkür edib, Ukrayna xalqına xidmət etməyin onun üçün böyük şərəf olduğunu bildirib.
Keçmiş nazir əsas uğurlar sırasında Rusiya ordusunun “Starlink” rabitə sistemindən istifadəsinin dayandırılmasını qeyd edib. Bundan başqa, pilotsuz uçuş aparatlarının kütləvi şəkildə alınması, Pilotsuz Sistemlər Qüvvələri üçün yeni proqramların işə salınması, “Patriot” zenit-raket kompleksləri üçün raketlərin tədarükü, “Gripen” döyüş təyyarələrinin alınması, Ukraynanın ballistik raket proqramının inkişafı və beynəlxalq hərbi dəstək çərçivəsində on milyardlarla dollar vəsaitin cəlb olunmasını da mühüm nəticələr kimi dəyərləndirib.
Fedorov həmçinin hökumətin istefası günü Ukraynanın ballistik raketinin uğurlu sınaqdan keçirildiyini açıqlayıb.
Bununla yanaşı, o etiraf edib ki, Müdafiə Nazirliyinin NATO standartlarına uyğun tam transformasiyasını başa çatdırmaq, bütün satınalmaları tender sistemi üzərindən həyata keçirmək və qəbul edilən qərarlara görə məsuliyyət mədəniyyətini formalaşdırmaq mümkün olmayıb.
Qeyd edək ki, Ukrayna mediasının yaydığı məlumata görə, yeni hökumətdə müdafiə naziri postuna İqor Klimenkonun təyin olunacağı gözlənilir. Mətbuatda, həmçinin Prezident Volodimir Zelenskinin Fedorovla Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski arasında uzun müddətdir davam edən fikir ayrılıqlarının mövcud olduğunu bildirdiyi iddia olunur. Bununla belə, Fedorovun prezident komandasında qalacağı, lakin hansı vəzifəni tutacağı hələlik açıqlanmayıb.
Aysel Əliyeva
Globalinfo.az