Yardımlıda arxeoloji qazıntılar nəticəsində Atropatena dövrünə aid şəhər qalıqları tapılıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Yardımlıda, Azərbaycan-ABŞ müştərək ekspedisiyası Urakəran kəndində 2200 il əvvələ aid antik yaşayış məskəni aşkarlayıb.
Bu, cənub-şərq dağlıq zonasında Atropatena dövrünə aid öyrənilən ilk iri şəhər tipli məskən sayılır. Ərazidə qədim istehsalat və təsərrüfat izləri üzə çıxıb. Tədqiqatlar rayonun Viləş çayının sol sahilində, strateji dağlıq zonada aparılır. “Seyidin yeri” adlı bu ərazi qədim dövrün irimiqyaslı yaşayış məskəni hesab edilir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, bu, Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyətli olan Atropatena dövlətinin tarixi ərazisidir:
“Məhz bu ərazidə də qeyd olunan dövrə aid yaşayış məskənlərini aşkar etmək olduca önəmlidir. Tədqiqat müddətində burada, iri tikili qalıqları aşkar edə bildik və ümumilikdə bu, 2200 illik tarixi əhatə edir. Tədqiqat prosesində məlum oldu ki, burada eyni xronoloji çərçivədə, yəni bir-birindən bir neçə yüzillik fərq olmaq şərti ilə iri tikililər salınıb. Tədqiqat prosesində otaqlar da aşkar edildi. Müdafiə istehkamı olan müəyyən hissələri var. Tədqiqatlar göstərir ki, burada o dövrdə yanğın baş verib, tavanlar yanaraq dağılıb”.
Onun sözlərinə görə, arxeoloji tapıntılar bu ərazidə məhz eramızın birinci əsrinin əvvəllərindən yerli şüşə istehsalının olduğunu təsdiq edir.
Bildirilib ki, AMEA və ABŞ-ın Los-Anceles Universitetinin alimləri Atropatenanın dağlıq bölgələrindəki urbanizasiya proseslərini də araşdırırlar. Toplanan orqanik nümunələrin dərindən analizi ABŞ-ın Hamilton Kollecində laborator şəraitdə aparılacaq.
Los-Anceles Kaliforniya Universitetinin arxeologiya üzrə professoru Lara Fabianın sözlərinə görə, ərazidə daha da qədim antik materiallar var:
“Bu il buradan ayrıldıqdan sonra mən və arxeoloq həmkarlarım bu tapıntılar haqqında elmi məqalələr yazmağa davam edəcəyik. Məqsədimiz bu materialları tanıtmaq və Azərbaycanın zəngin arxeoloji irsinə daha çox diqqət cəlb etməkdir. Ümid edirəm ki, gələcəkdə də bu ərazidə tədqiqatlarımızı davam etdirə biləcəyik. Çünki bu, çox mühüm arxeoloji abidədir və onun öyrənilməsi, eyni zamanda qorunması böyük əhəmiyyət daşıyır.”
Məlumata görə, kompleksin açıq səma altında muzeyə çevrilməsi və turizm marşrutuna salınması nəzərdə tutulur.
Qeyd edilib ki, araşdırmalar nəticəsində xeyli sayda orqanik nümunələr toplanıb. Geniş ərazini əhatə edən bu kompleksin tam strukturunu müəyyən etmək üçün növbəti illərdə müasir texnoloji vasitələrlə daha irimiqyaslı qazıntılar planlaşdırılır.




