Yunanıstanın Poros adasında su qıtlığı səbəbindən 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Globalinfo.az xəbər verir ki, qərar Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrunun imzası ilə qüvvəyə minib.
Mora yarımadasının şərqində yerləşən Poros adasında tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, mövcud su ehtiyatlarından qənaətlə istifadə olunması və zəruri tədbirlərin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, yay mövsümündə turist axınının kəskin artması adada suya tələbatı xeyli yüksəldib. Bu səbəbdən su ehtiyatlarının idarə olunması məqsədilə xüsusi tədbirlər planı icra ediləcək.
Qeyd edək ki, Yunanıstanda bu il quraqlıq və su ehtiyatlarının azalması fonunda bir sıra adalarda da analoji səbəbdən fövqəladə vəziyyət elan edilib. Mütəxəssislər problemin əsas səbəbləri kimi iqlim dəyişikliyi, turizm mövsümündə su istehlakının yüksəlməsi və mövcud infrastrukturun artan tələbatı qarşılamaqda çətinlik çəkməsini göstərirlər.
Əliyar Xəlil