Ermənistanda həbsdə olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın kürəkəni, Kotayk vilayətinin sabiq qubernatoru Karapet Quloyanın Göycə gölü sahilində yerləşən torpaq sahəsindən istifadə hüququ ləğv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, sahəsi 2,5 hektar olan torpaq Quloyana qanun pozuntuları ilə icarəyə verilib. Bildirilir ki, 2021-ci ildə torpağın dəyəri artırılaraq təxminən 12 milyon 870 min drama (təxminən 26,5 min ABŞ dolları) çatdırılsa da, icarəçi əvvəlki məbləğ üzrə ödəniş edib. Nəticədə dövlətə 2,4 milyon dramdan (7 min ABŞ dollarından çox) artıq borc yaranıb.
Baş Prokurorluq həmin ərazidə üçüncü şəxslər tərəfindən torpağın qanunsuz zəbt edilməsi halları qeydə alındığını və bununla bağlı araşdırmaların davam etdiyini açıqlayıb.
Qeyd edək ki, Karapet Quloyan hazırda ev dustaqlığındadır. O, üzərinə həbs qoyulmuş malikanə ilə bağlı qanunsuz hərəkətlərdə ittiham olunur. İstintaqın versiyasına görə, sabiq qubernator binanın fasadındakı üzlük plitələrini söküb, həmçinin pəncərə və qapıları çıxarıb.
Quloyana qarşı cinayət təqibi bu ilin may ayında Ermənistanın baş naziri Nikol Paşinyanın Dilicanda keçirilən seçkiqabağı mitinqdə onun fəaliyyətini sərt tənqid etməsindən sonra başlanıb.
Əliyar Xəlil