Yəməndəki husilər Bab əl-Məndəb boğazını bağlamaqla hədələyərək neftin qiymətinin bir barel üçün 200 dollara yüksələ biləcəyini iddia ediblər. Bu bəyanat Hörmüz boğazı ətrafında gərginliyin artdığı vaxta təsadüf edir və qlobal enerji bazarları üçün yeni risklər yaradır.
Neft 200 dollara çatsa, dünyanı nə gözləyir? Bab əl-Məndəb boğazının bağlanması nə dərəcədə real ssenaridir?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyilənlərin real olmadığını düşünür:
“Hesab etmirəm ki, Bab əl-Məndəb boğazının bağlanması real ssenaridir. Bunun neft qiymətlərinin uzunmüddətli, kəskin artımına səbəb olacağı gözlənilmir. Belə bir vəziyyət yalnız həm Hörmüz, həm də Bab əl-Məndəb boğazlarının eyni vaxtda bağlanması halında baş verə bilər. Lakin mən bunu real ssenari kimi görmürəm”.
Eyyub Kərimli
E.Kərimli deyib ki, hər hansı səbəbdən belə bir ssenari baş verərsə, dünya iqtisadiyyatında ciddi təzyiqlər yarana, qiymətlər və inflyasiya kəskin arta bilər:
“Hazırda isə bu boğazın tamamilə bağlanmasını real hesab etmirəm. Doğrudur, vaxtaşırı hücumlar və müəyyən məhdudiyyətlər baş verə bilər. Lakin ümumilikdə boğazın tam bağlanması real ssenari kimi görünmür. Bununla belə, hətta qısamüddətli məhdudiyyətlər baş verərsə, neft qiymətlərində müəyyən artım müşahidə oluna bilər”.
Zaira Akifqızı
Globalinfo.az