ABŞ dollarının məzənnəsi ilk dəfə 47 Türkiyə lirəsini keçərək yeni tarixi maksimuma yüksəlib. Bu, son illər dəyər itirən lirənin növbəti rekord zəifləməsi kimi qiymətləndirilir. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğundan, baş verən dəyişikliklərin ölkəmizə mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.
Bəs lirənin ucuzlaşması Azərbaycan iqtisadiyyatına, manatın məzənnəsinə və qiymətlərə təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Türkiyə lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir göstərməyəcək:
“Azərbaycan manatı sərbəst üzən məzənnəyə malik deyil və ABŞ dollarına nisbətdə sabit məzənnə siyasəti ilə idarə olunur. Manatın kursu neft-qaz gəlirləri və Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta siyasətindən asılıdır. Neft qiymətlərində ciddi eniş olmazsa və Azərbaycanın tədiyə balansı müsbət qalarsa, manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. Lirənin ucuzlaşması isə daha çox Türkiyədən idxal olunan malların qiymətlərinə təsir göstərə bilər. Türkiyə Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Lirənin dollar qarşısında dəyər itirməsi nəzəri baxımdan Türkiyədə istehsal olunan geyim, məişət texnikası, mebel, tikinti materialları, dərman preparatları və bəzi ərzaq məhsullarının dollar ifadəsində qiymətini aşağı sala bilər. Bu isə həmin məhsulların ölkəmizdə ucuzlaşmasına şərait yaradacaq”.
Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, bu, Türkiyədən gətirilən bütün malların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir:
“Son illərdə Türkiyədə yüksək inflyasiya istehsal xərclərini əhəmiyyətli dərəcədə artırıb. Əməkhaqları, enerji və logistika xərclərinin bahalaşması ixrac qiymətlərinin tam şəkildə aşağı düşməsinə imkan vermir. Buna görə də bəzi məhsullarda qiymət dəyişikliyinin ümumiyyətlə hiss olunmaması mümkündür. Digər tərəfdən, əgər lirənin zəifləməsi nəticəsində Türkiyədən idxal olunan malların maya dəyəri həqiqətən aşağı düşərsə, bu, Azərbaycanda inflyasiyanın müəyyən qədər zəifləməsinə də kömək edə bilər. Lakin ümumi inflyasiya üzərində təsirin böyük olacağı gözlənilmir. Çünki qiymətlərə enerji bazarındakı dəyişikliklər, daxili tələbat, dövlət tənzimləmələri və dünya bazarında ərzaq məhsullarının qiymətləri kimi digər amillər də təsir göstərir. Buna baxmayaraq, Türkiyədən idxal olunan məhsullar həqiqətən ucuzlaşarsa, qeyri-ərzaq inflyasiyası müəyyən qədər zəifləyə bilər”.
Ləman İmran
Globalinfo.az