NATO-ya məxsus “Bombardier Challenger 650 Artemis II” kəşfiyyat və hədəf təyinetmə təyyarəsi yenidən Qara dənizin beynəlxalq suları üzərində müşahidə olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, təyyarə Rumıniyanın şərqində yerləşən Konstansa şəhərindən havaya qalxıb.
Mənbənin sözlərinə görə, təyyarə hazırda Qara dəniz akvatoriyası üzərində 10 kilometrdən artıq hündürlükdə uçur və heç bir ölkənin hava məkanına daxil olmur.
Bildirilir ki, “Bombardier Challenger 650 Artemis II” Qara dənizin cənub hissəsində qərbdən şərqə və əks istiqamətdə uçuşlar həyata keçirir.
Təyyarə mülki aviasiya üçün nəzərdə tutulan hava dəhlizlərindən istifadə etmir.
Mənbə qeyd edib ki, həmin təyyarə ötən həftə iki gün ərzində Kalininqrad vilayəti yaxınlığında da dövrə vurub.
Bundan başqa, o, Latviya, Estoniya və Litva üzərində uçuş həyata keçirsə də, Belarus və Rusiyanın sərhədlərinə yaxınlaşmayıb.
Xatırladaq ki, iyulun 12-də Qara dəniz sahilləri yaxınlığında NATO-ya məxsus “Boeing E-3A Sentry” uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi də müşahidə edilmişdi.
Lüksemburqda qeydiyyatdan keçən hava gəmisi Litvadan havaya qalxaraq Rumıniya üzərində uçuş həyata keçirmişdi.
Əliyar Xəlil
Globalinfo.az