İsrail parlamenti (Knesset) 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qondarma “erməni soyqırımı” kimi tanınmasına dair qanun layihəsi üzrə səsverməni təxirə salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar İran ətrafında gərginləşən regional vəziyyət fonunda, həmçinin Türkiyədə keçirilən NATO sammitindən qısa müddət sonra qəbul edilib. Bildirilir ki, sammit zamanı Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə “F-35” qırıcılarının satışını təsdiqləməyə çağırıb.
İsrail rəsmisi nəşrə bildirib ki, parlamentdə nəzərdə tutulan səsvermə dayandırılıb. Bu həftə Knesset yay tətilinə çıxır və oktyabrın 27-nə təyin edilən növbəti milli seçkilərə qədər parlament iclasları keçirilməyəcək.
Xatırladaq ki, iyun ayında İsrail Nazirlər Kabineti Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan təşəbbüsü yekdilliklə təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə yekun təsdiqdən keçməsi tələb olunurdu.
Əliyar Xəlil