abs iran 3

Xəbər verdiyimiz kimi, ABŞ-la İran arasında gərginlik yenidən artıb. Son hərbi zərbələr və Hörmüz boğazında yaşanan gərginlik sülh danışıqlarının niyə yarımçıq qaldığı və tərəflərin yenidən qarşıdurmaya üstünlük verməsinin səbəbləri ilə bağlı sualları gündəmə gətirib.

Müharibə niyə yenidən qızışdı? Sülhü hansı tərəf istəmədi: ABŞ, yoxsa İran?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İrandakı sərt xətt tərəfdarları, xüsusilə SEPAH daxilindəki müəyyən qüvvələr iki ölkə arasında yekun razılaşmanın əldə olunmasını istəmirlər:

“Onlar idarə olunan böhran fonunda mövcud vəziyyəti öz maraqlarına uyğun şəkildə yönləndirməyə çalışırlar. Belə ki, ABŞ ilə İran arasında ilkin razılaşma imzalanıb və bunun nəticəsində islahatçı qanadın mövqeləri güclənib. Lakin mühafizəkar və sərt xətt tərəfdarları isə bunu qəbul etmirlər. Hesab edirəm ki, atəşkəsin pozulmasının arxasında da SEPAH daxilindəki qüvvələr dayanır”.

mehemmed esedullazadeee 900x574 1

Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, ABŞ Hörmüz boğazı ilə bağlı müəyyən addımlar atıb, amma İran həmin ərazidən keçən gəmilərə atəş açıb:

“Düşünürəm ki, yekun razılaşmanın imzalanması yaxın perspektivdə mümkün görünmür. Mövcud qarşıdurma bu şəkildə davam edə bilər. Çünki İranda vahid koordinasiya və vahid mövqe yoxdur. ABŞ ilə münasibətlərin normallaşdırılması prosesinə dair fərqli yanaşmalar mövcuddur. Bu səbəbdən ABŞ İrana qarşı hərbi əməliyyatları daha da genişləndirə bilər. İranın mövqeyinin sərt qalması və ölkədə vahid yanaşmanın olmaması fonunda İranla ABŞ arasında hərbi eskalasiyanın davam edəcəyi ehtimal olunur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: