Polşa sakinləri Ukrayna ilə bağlı kütləvi şəkildə küçələrə çıxıblar.
Globalinfo.az xəbər verir ki, “Polşa Tacı Konfederasiyası” partiyasının təşkil etdiyi “Volın yürüşü” zamanı iştirakçılar Ukraynaya göstərilən hərbi və maliyyə yardımının tamamilə dayandırılmasını tələb ediblər.
Aksiya ölkənin paytaxtı Varşavada keçirilib.
Yürüş zamanı “Polyak Polşada sahibdir”, “Nə bir qram sursat, nə də bir litr yanacaq” kimi şüarlar səsləndirilib. Partiya nümayəndələri bildiriblər ki, aksiya İkinci Dünya müharibəsi illərində Volın hadisələri zamanı həlak olmuş polyakların xatirəsinə həsr olunub.
Qeyd edək ki, Volın qətliamı termini 1943–1944-cü illərdə Qərbi Ukraynada ukraynalı millətçi silahlı dəstələrin etnik polyaklara qarşı törətdiyi kütləvi qırğınları ifadə edir. Hadisələrin ən qanlı günü 11 iyul 1943-cü il – “Qanlı bazar günü” hesab olunur. Polşada bu tarix 2016-cı ildən etibarən faciə qurbanlarının Milli Anım Günü kimi qeyd edilir.
Müxtəlif hesablamalara görə, həmin hadisələr zamanı 50–100 min arasında polyak həlak olub. Cavab əməliyyatları zamanı isə 2–15 min arasında ukraynalının öldürüldüyü bildirilir.
2000-ci illərin əvvəllərindən bəri Volın hadisələri Polşa-Ukrayna münasibətlərində ən həssas mövzulardan biri olaraq qalır. Polşa bu hadisələri soyqırımı kimi qiymətləndirir və 2016-cı ildə parlament bunu rəsmi şəkildə tanıyıb. Ukrayna isə hadisələri daha çox qarşılıqlı zorakılıq və münaqişə kontekstində dəyərləndirir.
Əliyar Xəlil
Globalinfo.az