Cənubi Avropa ölkələrində rekord istilər fonunda meşə yanğınları geniş ərazilərə yayılıb. Ən ağır vəziyyət İspaniyada qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, Almeriya ətrafında baş verən güclü yanğınlar nəticəsində çox sayda insan həlak olub, 23 nəfər isə itkin düşmüş hesab edilir.
Yanğın ocaqları Barselona və Madrid yaxınlığında da qeydə alınıb. Gündüz saatlarında havanın temperaturu 40 dərəcəni keçir, gecələr də sərinlik müşahidə olunmur. Kosta-Brava sahilində yerləşən Portbou şəhərində gecə temperaturu 31,9 dərəcə ilə rekord həddə çatıb.
Portuqaliyada havanın temperaturu 45 dərəcəyə yüksəlib. Ölkənin Porto, Lissabon və Faro şəhərləri ətrafında da genişmiqyaslı yanğınlar davam edir.
İtaliyada Siciliya adasında, eləcə də Brindizi, Foccia və Neapol bölgələrində yanğınlar qeydə alınıb. Pyemont bölgəsində alov artıq 600 hektar meşə sahəsini məhv edib və burada yeni yanğınların başvermə riski yüksək qiymətləndirilir.
Xorvatiyada isə yanğınlar Split ətrafında və turistlərin sıx üz tutduğu Korçula adasında yayılıb. Mütəxəssislər bölgədə yeni yanğın ocaqlarının yarana biləcəyi barədə xəbərdarlıq edirlər.
Aysel Əliyeva
Globalinfo.az