images 3

FIFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatında iştirak edəcək komandaların sayının 64-ə çatdırılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə İsveçrənin “blue Sport” portalına müsahibəsində danışıb.

İnfantinonun sözlərinə görə, məsələ hazırkı dünya çempionatı başa çatdıqdan sonra müzakirəyə çıxarılacaq. O bildirib ki, mundialda iştirak etmək arzusu yalnız Avropa və Cənubi Amerika ölkələri ilə məhdudlaşmamalıdır.

FIFA rəhbəri qeyd edib ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi hazırkı dünya çempionatında iştirakçıların sayının 32-dən 48-ə yüksəldilməsi uğurlu qərar olub.

“Komandaların ümumi səviyyəsinin bütün dünyada getdikcə yüksəldiyini görürük. Daha çox ölkənin mundialda iştirak etməsi kiçik futbol dövlətləri üçün həm stimul, həm də böyük imkan yaradacaq”, – deyə İnfantino vurğulayıb.

Qeyd edək ki, 48 komandalıq formatın tətbiqi ilə ilk dəfə 1/16 final mərhələsi keçirilib və turnirdə ümumilikdə 104 oyun planlaşdırılıb ki, bu da dünya çempionatları tarixində rekord göstəricidir.

İnfantinonun 64 komandalıq formatla bağlı təklifinin reallaşıb-reallaşmayacağına FIFA Şurası qərar verəcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: