İran Silahlı Qüvvələri ABŞ-ı qarşılıqlı anlaşma memorandumu çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya danışıb.
“ABŞ qüvvələri qarşılıqlı anlaşma memorandumunun şərtlərinə riayət etməlidir”, – o bildirib.
Əkrəminiya həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın Hörmüz boğazı vasitəsilə qanunsuz dəhliz yaratmaq cəhdləri regionun təhlükəsizliyini sarsıdır.
Qeyd edək ki, 17 iyunda ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. “Reuters”in məlumatına görə, sənədi ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian imzalayıb. “Axios” isə memorandumun məsafədən elektron qaydada imzalandığını və bu imzadan sonra qüvvəyə mindiyini bildirib.
Lakin 8 iyulda hərbi zərbələrin yenidən başlamasından sonra Donald Tramp Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib. O, İran rəhbərliyini sərt şəkildə tənqid edərək danışıqların davam etdirilməsinin mənasız olduğunu söyləyib.
12 iyul tarixində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı müdaxiləsi başa çatana qədər Hörmüz boğazının bağlandığını elan edib. Buna cavab olaraq ABŞ hərbi qüvvələri İrana qarşı yeni silsilə hava zərbələri endirib.
Bundan əvvəl Donald Tramp İran tərəfindən sui-qəsd cəhdinin hədəfinə çevrilə biləcəyini də istisna etmədiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az